Birləşmiş Ərəb Əmirlikləri Kosmik Agentliyinin layihəsi üzrə Dubay şəhərində Mars planetindəki həyat şəraitinin real modeli yaradılacaq. 2020-ci ildə fəaliyyətə başlayacağı bildirilən “Mars şəhəri” (“Mars city”) indiyədək dünyada inşa edilmiş ən iri kosmik şəhər və Mars səthindəki həyatın real şəkildə modelləşdirilmiş nümunəsi olacaq.
Şəhər konstruksiyaların möhkəmliyini təmin edən innovativ tikinti metodları, insan məskənləri və yaşıllıqları olan bir neçə günbəzdən ibarət olacaq. Layihə ərzaq, enerji və su layihələrini, habelə kənd təsərrüfatı məhsullarını və ərzaq təhlükəsizliyi məsələlərini tədqiq edəcək laboratoriyaları əhatə edir. Şəhərdə muzey və elmi mərkəzlər də inşa ediləcək.
Layihənin dəyəri təqribən 140 milyon dollar civarındadır. Alim, mühəndis və tədqiqatçılar tərəfindən “Qırmızı planet”də həyatın sirri öyrəniləcək şəhərin sahəsi 170 min kvadratmetr təşkil edir. Layihənin BƏƏ-nin kosmik sektoru iqtisadiyyatın inkişafına töhfə verəcəyi, habelə Ərəb Əmirliklərini qabaqcıl texnologiyalar və sənaye sahəsinin lideri kimi təqdim edəcəyi bildirilir.