Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələr üçün “Təcrübə və iş imkanları” mövzusunda seminar təşkil olunub. Tədbirdə SOCAR, “Azercell Telekom”, ASAN Xidmət və digər qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumat verilib. 
   Seminardan öncə qonaqlar ATMU-nun rektoru İlham Mədətovla görüşüblər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova, SOCAR-ın İşə qəbul və yerləşdirmə şöbəsinin nümayəndəsi Mahir Qarayev və kadrların hazırlanması üzrə mütəxəssis Vasif Cəfərov, “Azercell”in İnsan qaynaqları departamentinin mütəxəssisi Sevinc Teymurova, “Qafqaz hotel”in İnsan resursları şöbəsinin direktoru Ülviyyə Qasımzadə təmsil etdikləri təşkilatlarda iş imkanları, işə qəbul qaydaları barədə danışıblar, tələbələrin sualları cavablandırılıb.