Mərhum bəstəkarın xatirəsinə musiqili gecə
Noyabrın 22-də Nizami Kino Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) xatirəsinə həsr edilən “Gün keçdi” adlı konsert proqramı təşkil olundu. Musiqili gecə bəstəkarın 80 illik yubiley tədbirləri çərçivəsində gerçəkləşdi.
Gənc və istedadlı ifaçılar Emin Sabitoğlu yaradıcılığından unudulmaz örnəkləri səsləndirdilər. Bu günlərdə Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” müsabiqəsinin qaliblərindən Məhəmməd Məmmədli, gənc ifaçı Zülfi Əsədzadə, Orxan Cəlilov və başqaları bəstəkarın əsərlərini həm orijinal, həm də caz variasiyalarda təqdim etdilər.
Qeyd edək ki, bundan sonra Nizami Kino Mərkəzinin axşam seanslarına gələn kinosevərlərə mərkəzin ikinci mərtəbəsində yerləşən “Nizami Lounge” tərəfindən caz musiqisindən ibarət unudulmaz gecələr bəxş ediləcək. Gənc və istedadlı caz ifaçıları bunun üçün xüsusi proqramlar hazırlayacaqlar. İnanırıq ki, hər zaman maraqlı layihələri ilə seçilən Nizami Kino Mərkəzi bu yeniliklə bir daha kinosevərlərə öz töhfəsini vermiş olacaq. Musiqi və kino həvəskarları sevimli filmlərini izləməklə yanaşı, öz ənənəsi olan Azərbaycan caz musiqisindən də zövq alacaqlar.
Lalə