Rusiyanın “Mədəniyyət” kanalında yayımlanan “Böyük opera” layihəsi 2017-ci ildə özünün beşinci mövsüm buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. Hər zaman böyük maraqla qarşılanan telelayihənin budəfəki buraxılışında dünyanın bir sıra ölkələrindən ifaçılar iştirak edir.
Münsiflər tərəfindən 100 namizəd arasından seçilən cəmi 10 iştirakçı müsabiqədə iştirak şansı qazanıb. Bu mötəbər layihədə Azərbaycanı Əməkdar artist, beynəlxalq müsabiqələrin qalibi İlham Nəzərov təmsil edir.
Ənənəvi vokal müsabiqələrindən fərqli olaraq bu layihə öz rəngarəngliyi ilə seçilir. İfaçılar tanınmış vokal ifaçılardan ibarət münsiflər heyətindən tərif və tənqidlər eşitməklə yanaşı, həm də ifaçılıq texnikası üzrə ustad dərsləri və ifa etdikləri ariyaların psixoloji kompleks cəhətlərini öyrənmək şansı qazanırlar. Təşkilatçılar opera sənətinin görünməyən tərəflərini tamaşaçıya çatdırmağa çalışırlar.
Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq müsabiqəsinin qalibi olan İlham Nəzərov layihədə iştirakı ilə bağlı təəssüratlarını bölüşərək bildirdi ki, hər həftə iştirakçılar müxtəlif dillərdə ariyalar ifa edirlər. Teleproqram həftənin şənbə günü yayımlanır. Noyabrın 25-də 5-ci buraxılış yayımlanacaq. Hər dəfə ən az bal toplamış ifaçı layihəni tərk edir. Artıq 3 iştirakçı yarışma ilə vidalaşıb. İştirakçıların hər biri professional ifaçılar olduğu üçün layihədə rəqiblik kimi hisslər yoxdur. Hər bir ifaçı növbəti konsert proqramını təqdim edirmiş kimi səhnəyə çıxaraq öz istedadını nümayiş etdirir. Münsiflər heyəti məşhur opera ifaçıları və rejissorlardan ibarətdir.
Qeyd edək ki, İlham Nəzərov elə ilk çıxışdan müsabiqənin münsiflər heyətini heyrətləndirməyi bacarıb. Görkəmli musiqiçilər Bruno Pratiko (İtaliya), Dama Qvinet Cons (İngiltərə), Nadya Mixael (Almaniya), Kristina Opolais (Latviya), Moskva "Helikon-Opera" Te-atrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman İlhamın çıxışlarını yüksək qiymətləndiriblər. Onlar ölkəmizin ilk kontrtenor ifaçısı haqqında müsbət fikirlər söyləyərək, onun professional ifasını çox bəyəndiklərini bəyan ediblər. İfaçı isə öz vətənini təmsil etdiyi ilə qürur duyduğunu dilə gətirib.
Çıxışlar zamanı diqqətə çatdırıblar ki, dünyada gözəl musiqi duyumu olan kontrtenorlar azlıq təşkil edir. Vurğulanıb ki, azərbaycanlı vokalçı sözün əsl mənasında sənəti düzgün təqdim etməyi bacaran ifaçıdır, yüksək notların öhdəsindən bacarıqla gəlir.
Bu şənbə İlham Nəzərov daha maraqlı bir ifası ilə tamaşaçılar qarşısına çıxacaq. Həmyerlimizə mötəbər layihədə uğurlar arzulayırıq.
Onu da qeyd edək ki, layihədə Rusiya, Azərbaycan, Belarus, Serbiya, Qazaxıstan, Özbəkistan və Ukraynadan vokalçılar iştirak edir. Müsabiqənin şərtlərinə görə, hər buraxılış zamanı ifaçılar yeni tematik proqramla televiziya tamaşaçıları qarşısına çıxırlar. İştirakçılar rus və Qərbi Avropa bəstəkarlarının klassik operalarından ariyalar və duetləri səsləndirirlər. Layihənin 3-cü və 4-cü buraxılışlarında iştirakçıları Azərbaycanın Əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə S.Rixter adına Ermitaj Simfonik Orkestri və “Russkaya Filarmoniya” (Moskva) orkestri müşayiət edib.
Lalə Azəri