Noyabrın 23-də Azərbaycan İstiqlal Muzeyində ötən yüzilliyin siyasi repressiyalarının 80 illiyinə həsr edilən “Qara dastan - 37” adlı tədbir-sərgi keçirildi. Tədbir Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və muzeyin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
   Muzeyin direktoru Fəridə Şəms çıxış edərək 37-ci il repressiyasının xalqımıza gətirdiyi faciələrdən söz açdı. Bildirdi ki, əslində 1920-ci illərdə başlayan və otuz ilə yaxın davam edən siyasi repressiyalar Azərbaycan tarixindəki ən böyük faciələrdəndir. 1937-ci ilin sonuna kimi respublikamızda repressiyaya məruz qalanların sayı 80 minə çatmışdı. 
   Sərgidə bu tarixlə bağlı məlum sənəd və fotoşəkillərlə yanaşı, yeni eksponatlar, dustaqların saxlanma kameralarının qapıları, Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv sənədləri və s. əşyalar nümayiş olunur. 
   Bu il oktyabrın 24-də Prezident İlham Əliyev 30-cu illər repressiyasının qurbanlarından olan görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən guşə də yaradılıb. 
   Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova sərginin əhəmiyyətindən danışdı. O, sərginin uzun müddət davam etməsinin faydalı olacağını bildirdi: “Şagirdlər və gənclərimiz bu sərgiyə baxmağa təkrar-təkrar dəvət edilsinlər. Xalqımızın faciələrlə dolu tarixi taleyi ilə yaxından tanış olsunlar. Çünki tarixdə heç bir dövlət öz vətəndaşına bu qədər qəddarcasına yanaşmamışdı”. 
   AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tufan Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Fuad Babayev və başqaları çıxış edərək 37-ci il repressiyalarında xalqımızın başına gətirilən faciələrdən bəhs etdilər. 
   Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.
   
   Savalan Fərəcov