Azərbaycanın Meksikadakı səfirliyində ölkəmizin mədəniyyəti və milli mətbəxinin təqdimatı keçirilib. Tədbirdə ACD təşkilatının (Asociacion de Conyuges Diplomaticos - Diplomat Xanımları Assosiasiyası) üzvləri, yerli media və turist şirkətlərinin nümayəndələri iştirak ediblər.
1982-ci ildən fəaliyyət göstərən ACD Meksikada akkreditə olunmuş səfir və diplomatik missiya nümayəndələrinin rəhbərlərinin həyat yoldaşları, burada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini, həmçinin Meksikanın nüfuzlu qadın rəsmilərini, siyasi və ictimai xadimləri öz sıralarında birləşdirir. Assosiasiya xeyriyyəçilik məqsədləri üçün istifadə edilən fonda malikdir.
Qonaqları salamlayan Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov ölkəmizin tarixi və mədəniyyəti barədə danışıb, Azərbaycanın dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrildiyini deyib. Diplomat Azərbaycanın mədəniyyəti, qonaqpərvərliyi, tarixi abidələri, incəsənəti, memarlığı, musiqisi, ləziz milli mətbəxi, təbiətinin unudulmaz gözəllikləri, Yanardağ, palçıq vulkanları və s. kimi möcüzələri ilə ildən-ilə daha çox turistin diqqətini cəlb etdiyini qeyd edib. Bundan əlavə, ölkədə turizm infrastrukturunun sürətlə inkişaf etdiyi vurğulanıb, həmçinin bu ildən fəaliyyətə başlamış “ASAN Viza” sistemindən bəhs edilib.
Sonra məşhur “National Geographic” kanalının “Hidden Cities Revealed” proqramının Bakıya həsr olunmuş filmi nümayiş edilib. Filmi böyük maraqla izləyən tədbir iştirakçılarının ölkəmiz barədə çoxsaylı sualları cavablandırılıb.
Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət süfrə təqdim olunub, dolma, ləvəngi, səbzi plov, qutab, kükü, şirniyyatlardan şəkərbura və paxlavanın hazırlanması barədə məlumat verilib, Azərbaycanın milli mətbəxi ilə bağlı kitablar paylanılıb.
Tədbir iştirakçıları Azərbaycanla daha yaxından tanış olmaq, ölkəmizə səyahət etmək arzusunda olduqlarını söyləyiblər.