Noyabrın 29-dan dekabrın 1-dək İtaliyada ilk dəfə Azərbaycan mətbəxi festivalı keçiriləcək. Tədbir ölkəmizin İtaliyadakı səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Festivalın açılış mərasimi noyabrın 29-da “Baglioni Hotel Regina” mehmanxanasında təşkil olunacaq, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menyu əsasında fəaliyyət göstərəcək.
Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.
İtaliya mətbuatı indidən festivala böyük maraq göstərir, bir sıra KİV-lərdə məlumatlar dərc olunub.