“Azərbaycan xalçaçıları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Qarabağ xalçaçılığının müasir inkişaf potensialı” adlı layihəsi başa çatıb.
Layihə Qarabağda - cəbhə bölgələrində yaşayan əhali və qaçqınlar arasında ənənəvi xalça toxunması yerləri, xalçaçılar, toxucular, boyaqçılar, onların sayı, toxuduqları xalça növləri haqqında məlumat toplanmasından ibarətdir. “Azərbaycan xalçaçıları” İB-nin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın bildirdiyinə görə, layihə Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Kərimbəyli, Dilağardı, Kürdmahmudlu, Bala Bəhmənli, Qazaxlar, Yağlıvənd, Merdinli kəndlərində, Zobucuq, 1, 2, 3, 4, 5-ci Qayıdış qəsəbələrində, Ağdam rayonunun Mirəşəlli, Qasımbəyli, Xındırıstan, Tərtər şəhərində, Bəyimsarov, Qaradağlı kəndlərində, Ağcabədi rayonunun Şərəfxanlı kəndində və Bakının Yasamal və Nərimanov rayonlarındakı yataqxanalarda yaşayan qaçqınlar arasında həyata keçirilib. Keçirilən görüşlərdə xalçaçı, boyaqçı və toxucularla sorğu aparılıb və nəticələr ümumiləşdirilərək inkişaf potensialı dəyərləndirilib, təklif və proqnozlar hazırlanıb.
R.Tağıyevanın fikrincə, xalçanın gələcək inkişafına yardım etmək üçün onun çağdaş yayılma bölgələri, ənənəvi xalça istehsalı ilə məşğul olan xalçaçıların sayı, onların istifadə etdikləri xammal ehtiyatları haqqında məlumatları əldə etmək zəruridir. Layihə Qarabağ xalçaçılıq məktəbimizin ənənələrini özünə qaytarmaq, unudulan çeşniləri bərpa etmək və xalçaçılığı inkişaf etdirmək məqsədi daşıyır.
Keçirilən sorğular və əldə olunan nəticələr, əhalinin marağı, yeni iş yerlərinin yaradılması imkanları xalçaçılığın inkişaf potensialının qiymətləndirilməsinə şərait yaradır. Onlayn məlumat bankı layihə bitdikdən sonra bir il fəaliyyət göstərəcək. Layihənin yekunu kimi “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı: müasir vəziyyət, problemlər, təkliflər” adlı kitabça da işıq üzü görüb.
S.Qaliboğlu