Dünyaca dörd məşhur rəssamın - Frans Akkerman, El Anatsui, Mikelancelo Pistoletto və Riçard Uilsonun əsərləri ilk dəfə Azərbaycanda sərgilənir. Sərgi ötən həftəsonu "Gazelli Art House" incəsənət qalereyasında açılıb.
Qalereya Bakıda və Londonda incəsənət tənqidçilərinin geniş müzakirə etdiyi sərgiləri fərqli auditoriyaya təqdim edərək dünyanın ayrı-ayrı ölkələrindən olan rəssamları tanıdır. “Tanış naməlumlar” adı verilmiş novator əsərlər seriyası müasir mövzu və narahat edən məsələləri araşdıran və işıqlandıran layihədir. Dəyişmə ideyası sosial və mədəni dəyərlərdəki fərqlər, mövcudluq anlayışı və qloballaşmanın təsiri haqqında dialoqa dəvət edir.
Frans Akkermanın zəngin təxəyyülündən yaranmış möcüzəli peyzajlar tamaşaçını öz sevinc, rənglərlə və abstrakt formalarla dolğun bir aləmə cəlb edir.
El Anatsui öz yaradıcılığı boyu tarixi-siyasi, ictimai-sosial məsələləri əhatə edən kolleksiyaları ilə beynəlxalq miqyasda tanınır. Sadə və təsadüfən tapılan tullantılardan kiçikhəcmli heykəltəraşlıq nümunələri düzəldir.
Mikelancelo Pistoletto isə əsərləri ilə incəsənət və həyat arasında münasibəti anlamağa və anlatmağa çalışır. O, şəkil və güzgü arasında keçid yaratmaqla tamaşaçıya onun tanıdığı və eyni zamanda təhrif olunmuş gerçəkliyi göstərir.
Riçard Uilson mühəndislik və inşaat sahələrinin imkanlarından ilhamlanaraq işləyən heykəltəraşlardandır. O, məişət əşyalarına və günümüzün keçdiyi məkanlara yeni görmə bucağından yanaşır.
G.Mirməmməd