Berlində Almaniya-Azərbaycan ticarət və investisiyalar üzrə Yüksək səviyyəli işçi qrupunun 7-ci iclası keçirilib. 21-22 noyabr tarixində gerçəkləşən tədbir çərçivəsində Azərbaycan və Almaniya arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin rəsmilərindən ibarət olub. Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib.
İclasda enerji və enerjiyə qənaət, təhsil, menecer, əczaçılıq, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.
Mahir Qəhrəmanov Azərbaycan və Almaniya arasında turizm əməkdaşlığı sahəsində məlumat verib. O, Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən Azərbaycanın qərb bölgəsində həyata keçirilən “Özəl sektorun inkişafı və peşə təhsili və təlimi”, “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihələrində turizmin inkişafı məsələlərini xüsusi vurğulayıb, 2018-ci ildə turizm sahəsində birgə əməkdaşlığa dair təklifləri təqdim edib.
İşçi qrupun 7-ci iclası çərçivəsində Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Judith Konsla, İqtisadiyyat və Energetika Nazirliyinin Turizm siyasəti şöbəsinin müdir müavini Alexander Stedtfeldlə, Almaniyanın Şərqi Avropa üzrə Biznes Assosiasiyasının direktoru Ute Kochlovski-Kadjaja ilə turizm sahəsində əməkdaşlığa dair müzakirələr keçirilib. Alexander Stedtfeld bu əməkdaşlığın perspektivlərindən danışıb və verilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Almaniya tərəfi turizm sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini diqqətə çatdırıb.