Noyabrın 29-da Azərbaycanın böyük rəssamı, dünya şöhrətli fırça ustası Tahir Salahovun 89 yaşı tamam olur. Bu münasibətlə onun İçərişəhərdə yerləşən ev-muzeyinə baş çəkdim. Muzeyin direktoru Səadət Mirzəyeva görkəmli sənətkarın həyat və yaradıcılığı barədə ətraflı söz açdı: 
   “Tahir müəllim qabaqlar bu üçqatlı evdə yaşayıb, həm də yaradıcılıqla məşğul olub. Rəssam illər öncə doğma şəhərində muzeyini təşkil etmək istəyini bildirmişdi. 2011-ci ildə ölkə başçısı ev-muzeyinin yaradılmasıyla bağlı sərəncam imzaladı, bir il sonra bura Tahir Salahovun ev-muzeyi kimi fəaliyyətə başladı. Muzeydə nə görürsünüzsə, öncədən burada olub. Rəssam öz muzeyinə 735 eksponat hədiyyə edib. Bu mis qablar Tahir müəllimin öz kolleksiyasıdır. Bundan başqa o, özünün xalça kolleksiyasını və müxtəlif dövrləri əks etdirən rəsm əsərlərini də muzeyə verib. Gördüyünüz bu nadir fotolar rəssamın ictimai fəaliyyətilə bağlıdır, ömrünün ayrı-ayrı məqamlarını əks etdirir. Bu qrafik portretlər karandaş, flomaster və kömürlə çəkilib. Rəssam əsasən tanıdığı, ünsiyyətdə olduğu insanların rəsmlərini yaradıb. Bilirsiniz ki, o, böyük portret ustasıdır. Burada Qara Qarayevin, Toğrul Nərimanbəyovun, Mstislav Rostropoviçin, Dmitri Şostakoviçin və başqa tanınmış şəxsiyyətlərin portretləri var”. 
   Muzeydə rəssamın məşhur “Koroğlu” əsərinin fotosurəti də asılıb. Əsərin orijinalı Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ona kimi bizdə Koroğlu obrazını hansısa rəssam çəkməyib. İlk dəfə bu obrazı Salahov yaradıb. 
   Burada eksponat kimi tamaşaçılara bir tikiş maşını da təqdim edilir. Bu əşya rəssam üçün çox doğmadır. Tikiş maşını rəssamın anası Sona xanımın olub. 1937-ci ildə rəssamın atası Teymur Salahov repressiya olunub, evin bütün qayğısını anası çəkib, 5 uşağını təkbaşına dolandırıb. Ata tutulanda uşaqlardan böyüyünün 11 yaşı vardı, kiçiyisə 2 aylıq idi. 
   Atasının repressiya olunmasından sonra “xalq düşməninin ailəsi” damğası uzun müddət onların üstündə qalır. Bu, gənc Tahiri çox narahat edirdi. Ona görə Tahir yaxşı rəssam olmaq üçün gecə-gündüz çalışır, cəmiyyətə layiqli, faydalı bir insan olduğunu sübut etmək istəyirdi. Qəribədir, Salahov Sovetlər ölkəsinin təbliğatına xidmət edən bir sıra əsərlər çəksə də, muzeyin direktoru Səadət xanımın sözlərinə görə, o heç zaman Kommunist Partiyasının üzvü olmayıb. 
   S.Mirzəyeva: “Tahir müəllimdən soruşanda ki, siz hansı ölkənin vətəndaşısınız? Deyir ki, mən dünya vətəndaşıyam, ürəyim isə Abşeronla döyünür. Onun Abşeronla bağlı rəsmləri çoxdur. 35 ildir o hər yay dincəlmək üçün doğma Bakıya gəlir. Söyləyir ki, burada aldığım enerjini heç harada ala bilmirəm. 89 yaşı var, yayda hər gün dənizdə çimir”.
   Rəssamın “Emiliya” əsərinin qarşısındayam. Ağ geyimli yeniyetmə qız təsvir olunub. Çox gözəl əsərdir, ustalıqla işlənib. Deyilənə görə, bu qız rəssamın dostunun nəvəsidir. Rəssamın buradakı kiçik əsərlərindən biri də “Nardaran xoruzu” adlanır. Döyüşkən və bəzəkli bu xoruz dik duruşuyla diqqəti çəkir. Dünya rəssamlıq tarixində günəbaxan rəsmini çoxları çəkib. T.Salahovun da “Günəbaxanlar” natürmortu var. 
   “Tahir müəllim dünyanın çox ölkəsində olub. Səfərdə olarkən çoxlu qaralamalar işləyir, gələndən sonra onları böyük kətanlara çəkirdi”, - deyə S.Mirzəyeva məni digər eksponatlarla tanış edir. 
   Muzeydə diqqətçəkən əsərlərdən biri də məşhur musiqişünas Firudin Şuşinskinin portretidir. O, divanda dirsəklənmiş şəkildə uzanıb, əlində isə təsbeh var. Rəssamın bir neçə oxşar əsəri var ki, onlardan biri S.Dalinin, o birisi isə qızı Aydanın portretidir. Həmin obrazlar da divanda dirsəklənmiş şəkildə təsvir edilib. 
   Muzeydə T.Salahovun Dədə Qorquda həsr etdiyi iki əsəri də nümayiş olunur. Doğrusu, müəllifin Koroğlu əsəri necə uğurlu və ürəyəyatımlıdırsa, Dədə Qorqud o qədər inandırıcı deyil. S.Mirzəyeva bunun səbəbini müəllifdən soruşduğunu deyir. T.Salahov bildirib ki, Dədə Qorqudun rəsmini çəkərkən dəvət etdiyi model gənc olub. Nəticədə əsərdəki Dədə Qorqud da gənc təsvir edilib. 
   Əsərlərə baxdıqca müəllifin güclü rəsm ustalığına heyran olmamaq mümkün deyil. T.Salahovun yaradıcılığında ən yüksək özəllik rəsm etmək bacarığıdır. Rəsm işi onda elə bənzərsizdir ki, bu hal əsərin bütün taleyini həll edir, ən qabarıq cəhət kimi diqqətdən yayınmır. Onun rəngkarlığında isə başlıca olan bir neçə rəng var: ağ, qara, qırmızı və bunların çalarları. 
   T.Salahov dünyada sərt üslubuyla tanınır. Onun əsərlərinə bu özəlliyi başlıca olaraq rəsmin inandırıcı, cəsarətli, sərt təsviri verirsə, qara rəngdən uğurla və ustalıqla istifadə isə bu cəhəti daha qabarıq duruma gətirir. Onun bir başqa yaxşı cəhəti eyni mövzunu bir neçə dəfə çəkməsidir. Bununla da o, mövzunu bir neçə əsərdə bütünlüklə aça bilir. 
   T.Salahovun ən böyük ustalığı iri kətanı uğurla idarə etməsidir. Onun məşhur və iritutumlu əsərlərindən biri 1961-ci ildə yaratdığı “Sənə, bəşəriyyət” adlanır. Bu əsərin ölçüsü 6x2 metrdir. Əsər Milli İncəsənət Muzeyində saxlanılır. 
   Muzeydə rəssamın tələbəlik illərinin, eləcə də yaradıcılığa başladığı ilk dövrlərin əsərləri də var. Bu dönəmdə rəssamın rus təsviri sənətinin təsirində olduğu aydınca duyulur. Bəzən ilk dövr əsərlərinin Salahova aid olduğuna inanmaq çətindir. Ona görə ki, üslub fərqi ortadır. 
   Burada rəssamın akvarelləri də qorunur. İri kağızlarda öz üslubunda sulu boya rəsmləri göz oxşayır. Muzeydə bəlkə də ən maraqlı hücrə rəssamın emalatxanasıdır. Hiss olunur ki, rəssam işləyərkən səliqəyə ayrıca fikir verib. Ən diqqətçəkən məqam rəssamın istifadə etdiyi materialların - kətanın, rəngin keyfiyyətli olmasıdır. Orada sovet dönəmindən qalmış yağlı boya tübikləri var ki, hamısı Avropa istehsalıdır. 
   Muzeyin direktoru S.Mirzəyeva bildirir ki, burada ara-sıra muğam axşamları, konsertlər, uşaq sərgiləri keçirilir. Rəssam son illər əsərlərinin çoxunu xalçaya çevirtdirib. Onun əsərləri xalçada da yaxşı baxılır. Bu həm də ona görə yaxşıdır ki, xalça daha uzunömürlüdür və sərgiləmək üçün başqa yerə aparmaq daha asan olur. 
   * * *
   Bildirək ki, Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. 1963-1974-cü illərdə isə indiki Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent, professor vəzifələrində çalışıb. 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.
   Fırça ustası Sovet İttifaqının ən yüksək təltiflərinə, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeni, “İstiqlal” ordeni, Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ordeni, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenləri, medalı ilə mükafatlandırılıb.
   SSRİ Rəssamlar İttifaqının birinci katibi olub. Rusiya İncəsənət Akademiyasının vitse-prezidentidir. Həmçinin Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvüdür. 
   
   S.Qaliboğlu