Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” zalında Rəssamlıq fakültəsinin müəllimi Xanım Məmmədovanın “İncə nəfəs” adlı fərdi sərgisi keçirilib.
Tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq Xanım Məmmədovanı sərgisi və ad günü münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Xalq rəssamları Xanlar Əhmədov, Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar rəssam Həmzə Abdulayev və digər çıxış edənlər müəllifin yaradıcılıq fəaliyyətindən söz açıblar.
Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş olunub.
Qeyd edək ki, görkəmli rəssamlar Mikayıl Abdullayev və Böyükağa Mirzəzadənin tələbəsi olan Xanım Məmmədova Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildən Mədəniyyət və İncəsənət Universitetində çalışır.