Noyabrın 28-dən 30-dək Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirilib.
Gənc bəstəkarların növbəti yaradıcılıq hesabatı zamanı ittifaqın Ü.Hacıbəyli adına konsert salonunda beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin idarə etdiyi "Baku Sinponietta" orkestrinin iştirakı ilə noyabrın 28-də və 29-da konsert proqramları təqdim olunub. Konsertlərdə 10-dan çox gənc bəstəkarın əsərləri səsləndirilib.
Noyabrın 30-da isə Bəstəkarlar İttifaqında gənc bəstəkarların plenumu ilə bağlı dəyirmi masa keçirildi.
Tədbirdə çıxış edən ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə plenumun yekunları və təşkil olunan tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, hesabat konsertləri hər il keçirilir və müvafiq dövr ərzində reallaşdırılan işlər barədə təəssürat yaradır. Belə tədbirlər gənc bəstəkarlara öz istedadını üzə çıxarmaq üçün gözəl imkandır: “Plenum çərçivəsində gənc bəstəkarların iki konserti təşkil olundu. Konsertlərdə kamera-instrumental və orkestr əsərləri səsləndirildi. Bu konsertlər yeni istedadları - müəllif və ifaçıları aşkara çıxarmağa kömək edir”.
Konsertləri diqqətlə izlədiyini deyən F.Əlizadə gənc bəstəkarların ifası, əsərlərinin janr və üslub xüsusiyyətləri ilə bağlı tövsiyələrini bildirdi. Diqqətə çatdırdı ki, Sevinc Kazımova, Ayaz Qəmbərli, Gülmira Qəhrəmanova, Azər Hacıəsgərli, İlahə İsrafilova və digərlərinin əsərlərində bir avanqardlıq, müasir musiqiyə meyl və yaxınlaşma özünün büruzə verir: “Ancaq müəyyən nöqsanlar da var. Bu əsərlərdə görkəmli bəstəkarlar L.Bethoven və Q.Qarayevdən təsirlənmə hiss olunurdu. Düzdür, klassiklərdən bəhrələnmək olar. Amma onların əsərlərinin bəzi məqamlarını olduğu kimi göstərmək olmaz”.
Gənc bəstəkarları təbrik edən ittifaqın rəhbəri onların gələcəkdə Azərbaycan musiqisini müxtəlif ölkələrdə uğurla təbliğ edəcəklərinə inandığını vurğuladı.
Bəstəkarlar İttifaqının katibləri Cəlal Abbasov, Aliyə Məmmədova da plenumda səslənən əsərlər barədə söz açdılar. Qeyd olundu ki, bu gənc bəstəkarlar həm respublikamızda, həm də xarici ölkələrdə müxtəlif layihələrdə fəal iştirak edirlər. Onlar buna qane olmamalı, ənənələrə sadiq qalaraq forma və məzmunca yeni, maraqlı əsərlər yaratmalıdırlar.
Daha sonra tədbir müzakirələrlə davam etdi.
Savalan Fərəcov