Noyabrın 29-da Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onun müasir Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olduğunu, XX əsrdə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Tofiq Quliyevin geniş yaradıcılığı yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmayıb, o, eyni zamanda gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycanın ictimai həyatında özünəməxsus yeri olan mədəniyyət xadimi idi. T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi musiqiləri ilə dillər əzbəri olan neçə-neçə əsər yaradıb. Onun mahnıları zamanında görkəmli müğənnilərin ifasında insanların qəlbini fəth edib və bu gün də Azərbaycan milli musiqisinin inciləri sırasında yer alır. Qeyd edilib ki, sənətkarın 100 illiyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda yubiley tədbirləri keçirilir.
Konsertdə gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun rəhbərlik etdiyi “Xəzər virtuozları“ orkestri Tofiq Quliyevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Bəstəkarın mahnı, vals və müxtəlif filmlər üçün yazdığı əsərləri səsləndirilib.
Bakı Musiqi Akademiyasının tələbəsi Orxan Cəlilov və Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova T.Quliyevin “Sənə də qalmaz”, “Neftçilər mahnısı”, “Axşam mahnısı”, “Sevgi valsı”, “Qızıl üzük” mahnılarını, eləcə də “Görüş“, “Telefonçu qız“, “Bəxtiyar“ filmlərinə yazdığı mahnıları oxuyublar. Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin tələbəsi, gənc pianoçu Abuzər Manafzadə bəstəkarın fortepiano üçün yazdığı bir neçə əsəri ifa edib.