Kino müxtəlif sənət sahələrinin sintezindən ibarətdir. Burada rəssamlıq, rejissorluq, dramaturgiya və s. birləşir. Kinonun ən mühüm komponentlərindən biri də musiqidir. Musiqi filmdə personajların, hadisələrin xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir.
   Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlmişdir. Səsyazan aparatların yaranması ilə əlaqədar ötən əsrin 20-30-cu illərində fonoqram texnologiyası əldə olundu. Beləliklə, musiqi filmin ayrılmaz hissəsinə çevrildi.
   1916-cı ildə Ü.Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında istehsal olunmuş və ömrü qısa olmuş “Arşın mal alan” filmi kinoteatrda göstərilərkən instrumental üçlük filmdəki hadisələri musiqi ilə müşayiət etmişdi...
   Bəs Azərbaycan filmlərində əcnəbi musiqilərdən nə vaxt istifadə edilməyə başlanılıb?
   
   İlk akkordlar...
   
   Filmlərimizə xüsusi rəng və ovqat qatan əcnəbi musiqilərə ”Bəxtiyar”, “Ulduz”, “Uzaq sahillərdə” və digər ekran əsərlərimizdə rast gəlirik. Bu musiqilər zamanın tələbi və təbii ki, film üzərində işləyən rejissor və bəstəkarın zövqündən xəbər verir. 
   1955-ci ildə lentə alınan “Bəxtiyar” filmi (rejissor Lətif Səfərov) ilk musiqili filmimiz olmaqla yanaşı, həm də əcnəbi musiqi səslənən ilk ekran işlərindən biridir. Filmin qəhrəmanı Bəxtiyarın konservatoriyada təhsil alması səhnəsi indiki Texniki Universitetin o dövrdə yeni inşa edilən binasında lentə alınıb. Həmin səhnədə Bəxtiyar - unudulmaz Rəşid Behbudov C.Puççininin “Bohema” operasından Rudolfun ariyasını ifa edir.
   Tofiq Tağızadənin 1958-ci ildə lentə aldığı “Uzaq sahillərdə” filmində biz dünya estrada musiqisinin notlarını eşidirik. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadəyə həsr edilən filmin restoran səhnəsində səslənən “Karamba senyore” mahnısı 40-50-ci illərin populyarlıq qazanan nəğmələrindəndir. Mahnını Rauf Hacıyevin rəhbərliyi ilə Estrada simfonik orkestri ilə birgə Nelli Andreyevna ifa etmişdi. Mahnının ilk ifaçısı isə alman müğənni Evelen Kyunneke (1921-2011) olmuşdur.
   1961-ci ildə Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” filminin qəhrəmanı köşkdən qəzet alaraq restorana daxil olur. Bu zaman orada “Ya Mustafa” mahnısı səslənir. Mahnını misirli müğənni Bob Azzam ifa edir. Düzdür, film müharibə dövründən (1941-45) bəhs etsə də, mahnı 50-60-cı illərin məhsulu idi. 
   1959-cu ildə əslən italyan olan belçikalı akkordeon ifaçısı və müğənni Rocco Qranata “Marina” adlı bir mahnı bəstələyir. Bu mahnı 1963-cü ildə Şamil Mahmudbəyovun “Romeo mənim qonşumdur” filmində istifadə edilir. Nonna yatır və yuxuda xəyallarının təcəssümünü məhz bu mahnının sədaları ilə görür. Filmdə Murikin imtahana hazırlaşma səhnəsində onun otağından gələn rok-n-roll musiqisi amerikalı müğənni Little Riçardın ifa etdiyi “Tutti Frutti” mahnısıdır. Bu mahnı da dövründə populyarlıq qazanmış, sonradan dünyanın bir sıra məşhur ifaçıları tərəfindən səsləndirilmişdir. Onu da qeyd edək ki, filmdə mahnı orijinalda səslənir. 
   Ötən əsrin 60-cı illərində amerikalı müğənni Chubby Checkerin “Let's Twist Again” mahnısı çox populyar idi. 1964-cü ildə rejissor Ağarza Quliyevin bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırdığı “Ulduz” filmində bu mahnı səslənib. Möhsünün Naziklə rəqs etdiyi kadrlar filmin unudulmaz səhnələrindən biridir. Xalq artisti Hacıbaba Bağırovun bu musiqinin sədaları altında dinamik şəkildə rəqs etməsi tamaşaçılar tərəfindən maraqla qarşılanır. 
   
   Köhnə Bakı və müasirlik...
   
   1968-ci ildə Arif Babayevin lentə aldığı “Uşaqlığın son gecəsi” filmində o dövrün populyar musiqi qruplarından olan “The Beatles”in (Britaniya) “Michael” mahnısı səslənir. Bütün dünyanı sanki ovcunda saxlayan bu qrupun üzvlərinin geyim tərzi, musiqisi 60-cı illər gəncliyinin yaşam tərzinə çevrilmişdi. Bu dalğa uzaq adadan Azərbaycana da gəlib çata bilmişdi. Maraqlı saç düzümü və geyimi ilə bərabər, musiqiləri də hədsiz sevilirdi. Çox sevilən bu filmin musiqisi Polad Bülbüloğluna məxsusdur. Amma filmdə iki epizodda biz “The Beatles” qrupunun mahnılarını eşidirik. Elyanın evindəki yığıncaq səhnəsində “İn my life” və ikinci epizodda “Michael” mahnısı eşidilir. Bu musiqilərlə bəstəkar və rejissor müasir Bakı gənclərinin həyatını və zamanın portretini cızmaq üçün məhz bu musiqiləri seçmişdilər. 
   Arif Babayevin xatirəsinə həsr edilən tədbirlərin birində bu filmdəki musiqilərin tarixindən danışıldı. Bildirildi ki, həmin dövrdə Ümumittifaq Kinematoqrafiya Komitəsi filmdə səslənən musiqi ilə bağlı bəstəkara müraciət edir. Komitə sədrinin geniş təfəkkürə malik olmadığını görən rejissor və bəstəkar filmdən bu musiqilərin silinməməsi üçün həmin əsərlərin də bəstəkara məxsus olduğunu demək məcburiyyətində qalır. 
   Eldar Quliyevin jurnalistlərin fəaliyyətindən bəhs edən “Ən vacib müsahibə” filmi 1971-ci ildə lentə alınıb. Filmin qəhrəmanı məşhur amerikalı müğənnidən müsahibə alır. Kinolentdə Frank Sinatranın “Always” mahnısını müğənninin öz səsi ilə filmdə qastrol səfərində olan müğənninin obrazını yaradan aktyor Tofiq Mirzəyev təqdim edir. Qeyd edək ki, bu mahnı filmdən 10 il əvvəl yaranmış və çoxlarının sevdiyi bir əsərə çevrilmişdi. 
   Arif Babayevin “Alma almaya bənzər” (1975) filminin bəstəkarı Ramiz Mirişlidir. Filmdə öz ulağı ilə yolu keçən və radioda əcnəbi mahnıya qulaq asan bir nəfər lentə alınıb. Burada səslənən fransız musiqisidir. 1950-ci illərdə Bakıda da məşhur olan fransız müğənni Gulbert Becaudun “Marie” mahnısını iki epizodda eşidirik. Azərbaycan kinosunda daha bir əcnəbi musiqi türk ifaçısı Şenayın “Sev, kardeşim” mahnısıdır. Çox məşhur olan bu mahnıya Azərbaycan müğənniləri də dəfələrlə müraciət edib. 1971-ci ildə yazılan bu musiqi əsərinə bir il sonra türk rejissor Ertem Eyilmez film də çəkir. Görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun 1975-ci ildə lentə aldığı “Ad günü” filmində dostların yığışdığı şənlikdə həmin mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənir edir. Bu filmdə biz eyni zamanda 70-ci illərdə populyarlıq qazanan yunan müğənni Demis Russosun “When i am a kid” mahnısını eşidirik.
   * * *
   Bəlkə də Azərbaycan filmlərinə bu səyahətimizlə kimlərinsə uşaqlıq və gənclik xatirələrini, musiqi yaddaşını yenilədik. Əlbəttə, musiqi keçmiş xatirələri yeniləyir, yaddaşımızın bir hücrəsində qısılıb qalmış məqamları canlandırır... Bu səyahətimizdə bizə yol yoldaşlığı edən, maraqlı faktları bölüşən tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Rahib Azəriyə təşəkkür edirik. 
   Növbəti yazıda əcnəbi musiqilərdən istifadə olunan digər filmlərimizdən söz açacağıq.
   
   Lalə Azəri