İşgüzarlıq, məsuliyyət, cavabdehlik, məqsədə nail olmaq üçün səriştə və inadkarlıq onun həyat kredosu, fəaliyyət tərzi üçün xarakterik cizgilərdir. Sənətində emosional keçidlər sərtliklə kövrəkliyin vəhdətində özünü daha qabarıq büruzə verərək milli özgürlük koloritini gücləndirir. Hisslərin, duyğuların coşub-çağlayan məqamında molbertin sıxacları arasında tarıma çəkilmiş kətanla üz-üzə dayanmağı, rənglərin polifonik qurşağından, zərif, incə qovşağından faydalanaraq təbiiliyin harmoniyasını yaratmaqdan yorulmaq bilməzdi. Haqqında söz açdığımız sənətkar - rəssam, heykəltəraş, qrafika ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Məhərrəm oğlu Quliyevdir.
   O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. İxtisas təhsilini Bakıdakı məşhur “Əzim Əzimzadə məktəbi”ndə alıb, həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək, 1980-ci ildə təyinatla Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzində (indiki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz) işləməyə başlayıb. Sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq uzun illər respublikanın müxtəlif guşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı, özü də yaradıcılıqla ciddi məşğul olaraq, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahəsində yaddaqalan əsərlər yaradıb. Xüsusilə rəngkarlığa aid işlərinin müxtəlif miqyaslı yerli və xarici sərgilərdə nümayiş etdirilməsi uğurlu olub, müəllifini cəmiyyətdə tanıdıb. Onun Azərbaycan təsviri sənətinin problemlərindən bəhs edən tədqiqatları da maraq doğurur. Rafiq Məhərrəmoğlunun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007), “Təsviri sənətdə insan dünyası” (2009) və “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” (2013) kitablarını sənətşünaslıq elmimizə töhfə hesab etmək olar. 
   Rafiq Məhərrəmoğlu incəsənət aləmində daha çox rəngkar kimi tanınır. Bununla belə o, heykəltəraşlıq, tətbiqi sənət sahəsində də özünəməxsus üslubu, ifadə tərzi, obrazlarının bütövlüyü, canlılığı ilə fərqlənir. Onun rəngkarlıq əsərləri sırasında süjetli kompozisiyalar daha çox diqqəti cəlb edir. Mühitin, əhval-ruhiyyənin qabarıq panoramını belə lövhələrdə canlandırmaq peşəkar fırça ustası üçün çətin deyil. 
   “Xeyir-dua” əsərində rəssamın doğulub boya-başa çatdığı doğma kəndində müşahidə etdiyi toy mərasiminin ən duyğulu, həyəcanlı məqamı təsvir edilmişdir. Toy libası geyinmiş, milli adət-ənənəyə uyğun bəzədilmiş gəlin bəy evinə yola salınmazdan əvvəl valideynlərinin, yaxın qohumlarının xeyir-duasını almağı intizarla gözləyir. Ön planda papağını gözlərinin üstünə basmış, saç-saqqalı ağarmış, çayı stəkanda soyusa da, qəlyanına dərin qullab vuraraq onu tüstülədən atanın qayğılı siması verilmişdir. Başı örtüklü ana ötən günlərin xiffətindən tam azad deyildir. Qızının gəlinlik libası ilə ananın geyimi arasındakı fərqi sənətkar cəmiyyətdəki ziddiyyətlərdən daha çox, onun inkişaf dinamikasının göstəricisi kimi təqdim edir. Ayrılıq nə qədər xoşməramlı olsa da, hamının çöhrəsindən nigarançılıq duyulmaqdadır. Bu məqamda ayrılıq anının uzanmasına son qoyacaq, narahatlığı təbəssümlə əvəzləyəcək xeyir-duanı hər kəsin intizarla gözləməsi portretin ümumi kompozisiyasını təşkil edir.
   “Xeyir-dua”dakı qəlyanlı kənd ağsaqqalı Rafiq Quliyevin yaradıcılığında bir dəfə görüntülənib yoxa çıxan, təsadüf olunmayan obrazlardan deyil. Tipik olduğu qədər də, yaddaqalan, mənalı sifət cizgiləri, ciddi baxışı olan müdrikə biz rəssamın yağlı boya ilə işlədiyi “Ümid”, “Hisslər”, “Fraqment” və b. tablolarında da rast gəlirik. Eləcə də “Xeyir-dua”dakı gəlin obrazı “Fraqment”, “Söhbət” və digər lövhələrdə qabarıq verilmişdir. Bu vurğulanan məqamlar tamaşaçıda əminlik yaradır ki, rəssam sevimli obrazlarını həyatdan seçir və yaradıcılıq boyu onları izləyir, fərqli situasiyalarda rənglərin dili ilə onların fikir və düşüncələrini ifadə etməyi bacarır.
   “Sarı gəlin” obrazı rəssamın yaradıcılığında milli koloriti və tarixi ənənəsi ilə seçilən, təbiət gözəli timsalında təqdim olunan, güllərin, çiçəklərin rəngindən, rayihəsindən süslənən bir vətən qızının bədiiləşdirilmiş portretidir. Tabloda cazibədarlığı, zərifliyi, gözəlliyi şərtləndirən detallar kompozisiyanın mükəmməlliyini tamamlayır, rənglərin harmoniyası eyniadlı mahnı qəhrəmanının Azərbaycan təbiətinin qüdrətindən, bənzərsizliyindən təcəlla tapdığını təsdiqləyir. 
   Rəssamın yaradıcılığında bütün fəsilləri ilə görüntülənən, rəngarəng, gözoxşayan Azərbaycan təbiəti - güllü-çiçəkli, barlı-bəhrəli vətən torpağı, ləpələri nəğmə zümzümə edən dənizi, çayı, şəlaləsi, qucağına sığınmış kəndləri ilə vüqarlı, əzəmətli görünən dağları böyük sevgi hissi ilə təqdim edilmişdir. “Lalələr”, “Yağışdan sonra”, “Yazın gəlişi”, “Nar ağacı, nar çiçəyi”, “Mənzərə”, “Küsdümgül”, “Natürmort”, “Güllər”, “Buket” və b. rəsmlər bu qəbildəndir.
   Dəniz lövhələri (marinaları) rəssamın yaradıcılığında digər mövzularla müqayisədə üstünlük təşkil edir. Rəssamın dənizində “Üfüq”lər sakitdir, “Ay işığında” “Unudulmuş qayıq” “Tənha yelkən”i ilə “Ləpələr”in ağuşunda daha çox düşüncəli, qayğılı görünür. “Qağayıların döyüşü” dəniz sükutunu “Lirika”ya çevirməyə hesablansa da, yalnız “Mayak”ın işıq yaddaşında yaşam haqqı qazanır... 
   Bu tablolarda dəniz sanki canlı, duyğulu, düşüncəli orqanizmdir, insan həyatı, insan taleyi yaşayır - qayğılı, narahat, məsuliyyət hissi daşıyan ömür...
   Dağ, kənd, çay, şəlalə obraz kimi düşüncələr aləmini tamamlayan, bütövləşdirən bədii detallardır. “Yağışdan sonra”, “Çaylaq”, “Yazın gəlişi”, “Köhnə kənd”, “Mənzərə”, “Ağsaqqal”, “Axşam” və b. lövhələrdə doğma, tanış kənd mənzərələri, ucalıq, əzəmət rəmzi olan dağları və dağ ağırlığında el, vətən dərdini çiyinlərində daşıyaraq ömrün qış çağında yumaq kimi bükülən kənd ağsaqqalını görürük... Rəssam maraqlı süjetlər əsasında mükəmməl kompozisiyalar quraraq tamaşaçını düşündürmək, hisslərlə rənglərin səssiz dialoqunu qurmaq bacarığını ustalıqla sezdirə bilir.
   Xalq rəssamı Kazım Kazımzadə vətənimizin dilbər guşələrini, əsrarəngiz gözəlliklərini tablolarında canlandıran sənətkar haqqında demişdir: “Rafiq Quliyevin yaradıcılığında tarixi yaddaşa diqqət və ehtiramın ifadəsi diqqətimi daha çox cəlb etdi. Çünki yaradıcı adam üçün bu çox vacib keyfiyyətdir. İnanıram ki, o bu cür başlanğıcla özünün yaxın gələcəkdə də uğur qazanacağına zəmin yaratmışdır”.
   Görkəmli rəssamın dəqiq müşahidələri bu gün özünü tamamilə doğrultmuşdur. Rafiq Məhərrəmoğlunun yaradıcılıq palitrası rəngarəng, çoxçalarlı olmaqla yanaşı yurdsevərlik duyğusu, dövlətçilik hissiyyatı ilə süslənmişdir.
   “İlk şum” əsəri rəssamın torpağa sevgisinin bədii ifadəsi, zəhmət adamlarına rəğbətinin, ehtiramının əyani təcəssümüdür. ...Sübh çağı, dağlar arxasından dan yerinin qızardığı, şəfəqlərin ağ buludları qırmızılı-çəhrayılı rəngə boyadığı anlarda tüstüsü ərşə bülənd olan traktorla yerin şumlanması, kotan caynağının torpağın bağrını sökməsi, uzaqlarda görünən kəndin uğurlu və xeyirli sabahlarından xəbər verir. Bu mənzərədə torpaq, dağ və nurlu səma arasında rəng keçidlərinin təbii harmoniyası duyulmaqdadır. 
   Rafiq Məhərrəmoğlunun əsərlərinin əksəriyyətində tarixilik və müasirlik tendensiyası vətəndaş-rəssam mövqeyindən təqdim edilmişdir. Bu düşüncənin qabarıqlığına diqqət yetirmək, təzadlar arasındakı bəzən görünməz zərif vəhdəti müşahidə etmək üçün “İçərişəhər” və “Yeniləşən Bakı” tablolarının önündə bir anlıq dayanaraq yaşanan duyğuların çoxqatlı rəng çalarlarında yuvalandığının şahidi olmaq yetərlidir. Bu iki əsərin yaranma tarixi illərlə ölçülsə də, mahiyyəti, məzmunu, süjet xətləri arasında əsrlər yaşayır... 
   Rafiq Məhərrəmoğlunun təsviri incəsənət təmayüllü əsərlərində tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin zamanın sınağından üzüağ çıxan unikal tərəflərinin təcəssüm tapması, milli-mənəvi dəyərlərimizdən barınması iftixar hissi doğurur.
   
   P.S. Dekabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Rafiq Məhərrəmoğlunun “Mən azərbaycanlıyam” adlı fərdi sərgisi keçiriləcək.
   
   Asif Rüstəmli
   AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə 
   elmlər doktoru, professor