Jurnalistikanın qəribə işləkləri var. Bəzən kimdənsə müsahibə almaq istəyin illərlə təxirə düşür, qəfildən öz istəyinə çatırsan. Bəzən də bu istəyinin üstündən xətt çəkirsən. Özü də ömürlük. Ölüm mələyi qoymur. Eynilə Dmitri Xvorostovski ilə müsahibə istəyim kimi...
Tələbəlik illərimdə "Azərbaycan gəncləri" qəzetindən aldığım ən məsul tapşırıqlardan biri 1987-ci ildə Bakıda keçirilən M.İ.Qlinka adına Vokalçıların XII Ümumittifaq müsabiqəsindən reportaj hazırlamaq, münsiflərdən və qaliblərdən müsahibələr almaq olmuşdu. Əslində, həmin müsabiqə günləri mənim üçün böyük sənətlə, vokal ifalığında ilk addımlarını atan gənclərlə, həm də artıq şöhrəti ittifaq hüdudlarını aşmış böyük sənətkarlarla canlı ünsiyyət baxımından ilk qarşılaşma idi.
Həmin müsabiqədə birinciliyi üç nəfər qazandı: Olqa Borodina, Oleq Kulko və Dmitri Xvorostovski!.. Onların hər üçü ilə - artıq opera səhnəsində ilk addımlarını atan, ilk sənət mükafatını qazanan gənclər ilə ayaqüstü söhbətim də olmuşdu. Birinci mükafatı paylaşmış mesto-soprano, tenor və baritondan nə vaxtsa Bakıda konsert vermək istədiklərini də soruşmuşdum.
1987-ci ildə Bakıda çıxışla bağlı sualıma hər üçü müsbət cavab versə də, onlardan yalnız birini - Dmitri Xvorostovskini canlı dinləmək, artıq dünya operasının ulduzuna çevrilmiş sadə sibirli Mitya (o zaman özünü belə təqdim etmişdi) ilə yenidən görüşmək, onunla ürəkdən tikan çıxaran bir müsahibə etmək sənətlə bağlı pəmbə boyalı arzu-planımda idi...
Bir neçə il keçdi, ittifaq dağıldı və D.Xvorostovskini daha böyük sənət yarışlarında qazandığı uğurları izləyə bilmədim. Keçmiş müttəfiqlərarası mədəni əlaqələr yeni müstəvidə, müstəqil dövlət siyasəti kimi bərpa olununca, internet deyilən virtual aləm genişləndikcə onun xoş sorağını aldım...
Son illər Azərbaycanda dünya miqyaslı vokalçıların konsertlərdə, müxtəlif festivallarda, bizim opera teatrının tamaşalarında çıxışları ümid verirdi ki, artıq müsahibələrinin sayını itirmiş Dmitri Xvorostovskiyə Bakıdakı ilk müsahibəsini xatırlatmaq şansım olacaq. O, sonralar bir neçə dəfə Bakıya gəlsə də, proqram sıxlığı, təşkilatçıların səfər proqramına müsahibə qrafası salmaması, konsertdən sonra dərhal başqa ölkəyə uçması kimi səbəblərdən şansımı yaxalaya bilmədim... Əbəs yerə Xvorostovskini "təyyarədə yaşayan adam" adlandırmırdılar.
Otuz il boyunca müasir Rusiya operasının rəmzi, milyonların baritonu adını qazanmış sənətkar dünyanın ən böyük opera səhnələrində çıxış etdi. Tanınmış vokalçılar onunla bir səhnəni paylaşmaqdan qürur duydu. Ən nüfuzlu səsyazma şirkətlərində 41 diski (!) basıldı. Bir ümumittifaq, iki beynəlxalq müsabiqədə birincilik qazandı. Rusiya Federasiyasının Xalq artisti adına, Dövlət mükafatına, ordenlərinə layiq görüldü. Qızıl meydanda ilk dəfə orkestr və xorun müşayiətilə verdiyi konsertinin televiziya versiyası 25 ölkədə nümayiş olundu.
Sağalmaz xəstəliyin (beyin xərçəngi) ağır hökmünü də mərdliklə qəbul etdi. Çıxışlarına bir qədər ara versə də, sonradan təxirə saldığı konsertləri oxudu.
... Hayıf...
Oktyabrın 16-da Dmitri Xvorostovski Londonda onkoloji klinikalardan birində 55 yaşında dünyasını dəyişdi. Həkimlər ona 18 ay ömür möhləti vermişdilər. O isə sibirli xarakterini cilovlamaqla, həyat eşqinə güvənməklə ömrünü 2 il altı ayadək uzatdı.
... Hələ bu yay doğma Krasnoyarsk şəhərində xəstəliklər üzündən təxirə saldığı konsertə çıxan böyük müğənni öz həmyerlilərinin ehtiramı qarşısında dözməyib göz yaşı axıtdı. Sanki bu konsertin doğma şəhərlə vida görüşü olduğu ürəyinə dammışdı.
Elə həmin günlərdə dünya şöhrətli vokalçı Rusiya mətbuatına verdiyi son müsahibəsində demişdi:
- Çox parlaq karyera qurmuşam. Bu gün də həmin yoldayam. Səsim - mənim bir parçam, xidmət etdiyim işin bir hissəsidir. Bu gün məni xilas edən böyük işlərim olmadan yaşaya bilmərəm. Amma istənilən halda anlayıram ki, yaxşı nə varsa - gəncliyim, səsimin ən gur çağları... geridə qalıb. Nə etməli? Amma mən xəstəliklə savaşıram və ümidimi itirmirəm. İndi "ümid" mənim ən çox sevdiyim kəlmədir! Onkoloqum mənə möcüzə kimi baxır: "Ay, necə çeviksiniz! Necə də sağlamsınız!"... Keçmiş və gələcəklə yaşamıram. Bu günü və sabahı düşünürəm. Yaşadığım hər günə və saata sevinirəm, hər şeyə də hazıram".
* * *
Noyabrın 22-də Dmitri Xvorostovskinin vəsiyyətinə uyğun olaraq cəsədinin külü iki kapsulda Rusiyaya gətirildi. Böyük müğənni ilə Moskvadakı vida mərasimindən sonra kapsullardan biri Novodeviçe məzarlığında, rus vokal sənətini dünyada ilk tanıdan simalardan biri - Fyodor Şalyapinin məzarının yanında, ikinci kapsul isə mərhumun vəsiyyətinə əsasən onun doğma şəhəri Krasnoyarskda torpağa tapşırıldı.
Ruhun şad olsun, böyük müğənni!
G.Mirməmməd