Amerikada musiqi dünyasının ən nüfuzlu müsabiqəsi sayılan 60-cı “Qremmi” mükafatlarına namizədlərin adları açıqlanıb. 
   Nominantlar arasında amerikalı reper Jay-Z (hazırda 21 “Grammy”-yə sahibdir) liderdir. Reper 8 nominasiya üzrə mükafata iddialıdır. O, həmçinin «İlin albomu» («4:44») və «İlin mahnısı» («The Story of O.J.») nominasiyalarında mübarizə aparacaq. 
   Peper Kendrik Lamar 7 nominasiya üzrə göstərilib. O, "DAMN" albomuna görə əsas nominasiyada mükafata iddia edir.
   Müğənni Bruno Marsın adı 6 nominasiyada irəli sürülüb. Nominantlar arasında amerikalı musiqiçi Kris Kornell ilə kanadalı müğənni Leonard Koen də var. Bundan başqa, Luis Fonsinin “Despacito” mahnısı da mükafat uğrunda mübarizə aparacaq.
   “Qremmi” mükafatı nominantlarının arasında rusiyalı dirijor Valeri Qerqiyev və bu günlərdə vəfat etmiş məşhur rusiyalı opera müğənnisi Dmitri Xvorostovskinin («Sviridov: Russia Cast Adrift» solo albomu) də adları yer alıb.
   «Qremmi-2018» mükafatının qalibləri 28 yanvar 2018-ci ildə elan olunacaq.
   Qeyd edək ki, “Qremmi” mükafatı 1958-ci ildə Amerika Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib. Mükafat 30 musiqi janrı üzrə 100-dən çox kateqoriyada təqdim edilir.
   
   İlona