Çexiyanın məşhur müğənnisi, keçmiş sosialist düşərgəsi ölkələrinin ən sevimli estrada müğənnilərindən olan Karel Qott 42-ci dəfə öz ölkəsində ilin ən yaxşı müğənnisi kimi "Çex bülbülü" milli mükafata layiq görülüb.
Praqada "Karlin musiqili teatrı"nda keçirilən təqdimat mərasimində böyük müğənni deyib: "Bu dəfə belə yaxşı nəticə göstərəcəyimə ümidim yox idi. Tanrıya şükür edirəm ki, mənə bir daha estradada çıxış etmək şansı verdi".
Bu il iyulun 14-də 78 yaşı tamam olmuş Karel Qott onkoloji xəstəliyinə, daim həkim nəzarəti altında olmasına baxmayaraq, yenə də səhnədə çıxış edir və hobbi olaraq başladığı rəssamlıqla ciddi məşğul olur. Son aylarda onun Praqada və ölkənin digər şəhərlərində fərdi sərgiləri açılıb.
Milyonlarla həmvətəninin “İlahi Karel” adlandırdığı müğənni "Çex bülbülü" mükafatına ilk dəfə 1964-cü ildə layiq görülüb. Təkcə vətənində onun səsyazmalarından ibarət 200-dən çox val, kaset və kompakt disk buraxılıb. Qocaman müğənni əlli ildən artıq sənət karyerası dövründə çıxış etdiyi xarici ölkələrin sayını və həmin ölkələrdə buraxılmış val və disklərinin sayını bilmədiyini deyir.
Gülcahan