Azərbaycan
   
   6 dekabr 1881 - Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
   6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940 - 2006) dünyasını dəyişib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.
   
   7 dekabr 1919 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb. 
   7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun" və s. populyar mahnılar bəstələnib.
   
   8 dekabr 1914 - Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
   8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamlar («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baleti və s. əsərlərin müəllifidir.
   8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
   8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi» və s. filmlərə çəkilib.
   8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. Müxtəlif janrlarda əsərlər, tamaşalara, “Cavad xan” filminə musiqi yazıb. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.

   Dünya
   
   6 dekabr 1813 - Rus şairi, publisist və naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub. 
   6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.
   
   7 dekabr 1926 - Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, “Əbədi çağırış” və s.
   7 dekabr 1598 - İtalyan memarı və heykəltəraşı Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
   7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
   
   8 dekabr 1832 - Norveç yazıçısı, şair, dramaturq və publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1903) Byornsterne Martinius Byornson (1832-1910) anadan olub. Norveç milli teatrının inkişafına təsir göstərən 20-dək dram əsərinin, romanların, Norveç himninin (1909) müəllifidir. 
   8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, simfoniya, süitalar və s. əsərlərin müəllifidir. 
   8 dekabr 1934 - Rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası”, “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.
   8 dekabr 1935 - Hind aktyoru Dharmendra (Dharam Singh Deol) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Zita və Gita”, “Daş və çiçək”, “Sevimli Raca” və s.
   
   Hazırladı: Vüqar Orxan