Özbəkistanda hazırlanan klipin təqdimatı keçirildi
Dekabrın 6-da Nizami Kino Mərkəzində "Azərbaycan, Qarabağ və sülh üçün oxu" klipinin təqdimat mərasimi keçirildi. Klip Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə hazırlanıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müharibənin yaratdığı fəsadlar haqqında Özbəkistan ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir.
Təqdimat mərasimində çıxış edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mədəniyyətimizin qardaş ölkədə tanıdılması sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, ölkəmizin mədəni irsinin Özbəkistanda təbliğatı məqsədilə bir sıra layihələr icra olunur, təqdimatlar keçirilir.
Samir Abbasov bildirdi ki, klipin çəkilişində Özbəkistanın bir çox tanınmış musiqiçi və kollektivləri yer alıb: “Özbəkistanın əməkdar artistləri Yulduz Turdiyeva, İsroil Saidumarov, Dilnoza Akbarova, eləcə də "Özbək gəncləri", "Surxan" musiqi qrupları və AMM-in "Azərbaycan qızları" milli rəqs ansamblı layihədə iştirak edib. Çəkilişlər Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərdə aparılıb".
Vurğulandı ki, klipdə ifa zamanı Ermənistanın işğalı altındakı ərazilərimizin görüntüləri də nümayiş olunur.
O da bildirildi ki, klip "AzVision.az" saytı tərəfindən təqdim edilmiş "Qarabağ üçün oxu" layihəsi əsasında həyata keçirilib. İlin sonunadək klipin Özbəkistanda da təqdimatının keçirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, “Azərbaycan, Qarabağ və sülh üçün oxu” klipinin ərsəyə gəlməsi Azərbaycan həqiqətlərinin Özbəkistan ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.
Daha sonra klip nümayiş olundu. Layihə iştirakçıları "Bayatı-Şiraz" muğamını, "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" mahnılarını ifa ediblər. Klipin sonunda işğaldan azad olunmuş torpaqlara qayıdışı simvolizə edən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin görüntülərinə yer verilib.
Fariz Hüseynov