Ulu öndər Heydər Əliyev dövlətçilik tariximizlə bağlı fikirlərində deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. 
   Əcdadlarımızın yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açdığı regionlardan biridir. Hələ orta məktəbdə tarix dərsliklərimizdən oxuduqlarımızdan bizə məlumdur ki, Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın şəkildə sübut edir. 
   Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən Qobustan qayalarında əks olunan rəsmlər də xalqın qədim tarixindən xəbər verir. Bəs bütün bu sadalananları biz beynəlxalq aləmdə yetərincə təbliğ edə bilirikmi? 
   Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında aparıcı rol oynayan amillərdən biri də azərbaycançılıq ideyalarıdır. Azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrilərək, dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmaqla bərabər, dövlətçilik tariximizi təbliğ etmək baxımından əhəmiyyət daşıyır. Maddi-mədəni irsimiz və dövlətçilik ənənələrimiz bu gün diaspor təşkilatları, milli birliklər tərəfindən təbliğ olunmaqdadır.
   
   UNESCO-Azərbaycan əməkdaşlığı 
   
   Azərbaycan beynəlxalq tədbirlərin dəyişilməz ünvanına çevrilib desək, yanılmarıq. Son 10 ildə ölkəmizdə yüksək səviyyədə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlər həm tarix və mədəniyyətimizin, həm də turizm imkanlarımızın geniş təbliğinə təkan verir. Bunun da əsasında dayanan başlıca amil Azərbaycanın sabitlik və inkişaf adasına çevrilməsidir. Ölkəmiz eyni zamanda beynəlxalq qurumlarla da fəal əməkdaşlıq əlaqələri qurmuşdur. Məsələn, götürək UNESCO-Azərbaycan əməkdaşlığını. Öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu təşkilatın xoşməramlı səfiri seçilməsi ilə ölkəmizin bu qurumla əlaqələrinin tamamilə yeni bir xarakter qazanması ilə nəticələndi. Azərbaycan mədəniyyətinin əsl himayədarı olan Mehriban xanım mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması, xüsusilə də UNESCO siyahılarında təmsil olunmasına ayrıca diqqət yetirdi. 
   UNESCO-Azərbaycan əlaqələrini araşdıran mütəxəssislər deyir ki, qloballaşma şəraitində aparılan bu işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına geniş yol açır. Mehriban xanımın təşəbbüsü və səyləri ilə muğam və aşıq sənətinin, Novruz bayramı və xalçaçılıq digər mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazıldı. 
   Bu günlərdə (4-9 dekabr 2017) Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Qeyd edək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir.
   Eyni sessiyada Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Təşkilat tərəfindən kamança alətinin həm ifaçılığının, həm də hazırlanmasının siyahıya qəbul edilməsi Azərbaycanda yaradıcı sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. Onu da qeyd edək ki, bu faylın İranla birgə verilməsi multikultural dəyərlər malik olan Azərbaycan dövlətinin mədəniyyətinin paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisi kimi qiymətləndirilməlidir. Kamança sənətinin siyahıda yer alması Azərbaycan muğam sənətinin bir növ UNESCO səviyyəsində bütövləşməsini simvolizə edir. Yəni muğam ifaçılığı, onunla bərabər muğam üçlüyünün tərkib hissəsi olan tar və kamançanın qurumun siyahılarında yer alması bu sənətin bütün incəlikləri ilə qavranılmasına əlverişli imkan yaradacaq. Bütün bu addımlar mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına xidmət etməklə yanaşı, dünya xalqlarının Azərbaycan insanının hansı mədəni zənginliyə malik olduğunu tanımasına vəsilə olacaq. 
   Bu ilin iyun ayında Qobustan Milli tarix-bədii qoruğunun yaradılmasının 50 illik yubileyi və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyi tamam oldu. Bu əlamətdar günlərin qeyd edilməsi çərçivəsində yerli və beynəlxalq ekspertlərin, alimlərin iştirakı ilə "Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət" adlı beynəlxalq konfransın keçirilməsi bu ecazkar tarixi məkanın malik olduğu dəyəri bir daha ortaya qoydu. Ancaq Qobustanın dünya miqyasında tanınması üçün 10 il öncə çox mühüm addımlar atılmışdı. Belə ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın şəxsi səyləri ilə 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Dünya İrs Komitəsinin XXXI sessiyasında Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdi. 2013-cü ildə isə Qobustan qoruğuna UNESCO tərəfindən Dünya İrsi Siyahısında olan çox az sayda tarixi ərazilərə şamil edilən "gücləndirilmiş mühafizə" statusu verilib. 
   
   Beynəlxalq tədbirlər təbliğat vasitəsi kimi
   
   Azərbaycan xalqı bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalq kimi tanınıb. Xalqımızın bu keyfiyyəti ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olan nüfuzlu mütəxəssislər tərəfindən də təqdirlə qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan çoxsaylı tədbirlər, o cümlədən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər dünya əhəmiyyətli tədbirlər Azərbaycan mədəni dəyərlərə necə həssaslıqla yanaşdığını göstərir.
   Dünya Mədəniyyətlərarası Dialoq Forumunun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu təşkilatların tərəfdaşlığı ilə Bakıda gerçəkləşməsi bu qurumların Azərbaycana olan inamından qaynaqlanır. Çağımızda ölkəmiz mütərəqqi qlobal ideyaların doğulduğu ünvan kimi qəbul edilir. Azərbaycan həm də onu dünyaya göstərir ki, ölkədə yaşayan aparıcı etnosun yaradığı mədəniyyət azsaylı xalqların adət-ənənələrini, mədəni özünəməxsusluğunu öz təsiri altına salmağa səy göstərmir. Əksinə, kiçik etnosların malik olduğu dəyərlərin yaşadılmasına şərait yaradır. Bu da dövlətimizin və xalqımızın bu müxtəlifliyi mədəni zənginlik kimi qəbul etməsi ilə əlaqədardır. Ona görə də paytaxtımızda keçirilən forumlarda Azərbaycanın irəli sürdüyü tendensiyalar xarici mütəxəssislər tərəfindən də qəbul olunur. Onlar da görürlər ki, burada yaranan ideyaların möhkəm əsasları var və şüarçılığa söykənmir. 
   Mədəniyyətimizin təbliğinə xidmət edən çoxsaylı layihələrdən biri də bu il oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu oldu. Tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilmişdi. Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium maraqlı məqamlarla yadda qaldı. Simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edirdi. Bu isə dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə idi. Tədbirin mədəniyyətimizin təbliği istiqamətindəki rolunu qeyd etmək üçün İCOC-un akademik komitəsinin sədri Alberto Boralevinin simpoziumla bağlı bir fikrini vurğulamaq yerinə düşər: “Simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. 1983-cü ildə Bakıda keçirilən xalçaçılıq üzrə beynəlxalq tədbir sovet ittifaqı dövründə müxtəlif respublikaları təmsil edən Şərq xalçası mütəxəssislərinin öz qərbli həmkarları ilə bir araya gələrək görüşməyi üçün ilk fürsətlərdən biri idi. Bu xoşbəxtlik mənə də nəsib olub. Sevinirəm ki, 34 ildən sonra yenidən Bakıdayam və Azərbaycan sənət nümunələri ilə tanışlığım davam etməkdədir”.
   Paytaxtımızda iki ildən bir təşkil edilən beynəlxalq teatr konfransları hər dəfə 40-a yaxın ölkədən 150-dək sənət adamını bir araya gətirir. Onlar ölkənin mədəni mənzərəsi, şəhərlərimizin arxitekturası, turizm imkanları ilə də tanış olmaq imkanı qazanırlar. Beynəlxalq Turizm Filmləri Festivalı, Beynəlxalq Kitab Sərgi-Yarmarkası, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və onlarla belə tədbir ölkəmizin mədəni imicinin tanıdılmasına xidmət edir.
   Mədəniyyət və Turizm Nazirliyi bir çox beynəlxalq mədəni tədbirlərin təşkilatçısı olmaqla bərabər, həm də müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edir. Bu da sözsüz ki, Azərbaycan mədəniyyətinin, turizm imkanlarının beynəlxalq aləmdə təbliğinə töhfə verir. Ölkəmiz hər il dünyanın müxtəlif şəhərlərində (Frankfurt, İstanbul, Moskva və s.) nüfuzlu kitab sərgi-yarmarkalarda təmsil olunur. Bu sərgilərdə ölkəmizin kitab sənəti nümayiş etdirilməklə yanaşı, mədəniyyətimizin müxtəlif sahələrini, turizm imkanlarımızı əks etdirən müxtəlif nəşrlər, təbliğat materialları ziyarətçilərə təqdim edilir.
   Ötən ay UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirildi. Sentyabr ayında isə dahi Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilən ədəbi-bədii, musiqili gecə təqdim olundu. 
   Müəyyən bir qismini qeyd etdiyimiz bu faktlar onu göstərir ki, Azərbaycan təkcə öz mədəni irsinin təbliğatını həyata keçirmir, eyni zamanda mədəniyyətlər arasında dialoqun möhkəmlənməsinə mühüm töhfələr verir.
   
   Lalə Azəri
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir