Respublika Uşaq Kitabxanası və TÜRKSOY-un birgə layihəsi əsasında hazırlanan kitabın təqdimatı
   
   Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində “Türk dünyasının nağıl bağı” adlı kitabın təqdimat mərasimi keçirildi. Nəşr Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və TÜRKSOY-un birgə layihəsi əsasında ərsəyə gəlib.   
   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihəni müsbət qiymətləndirdi: "Nağıllar insanlara uşaqlıq dövründən yüksək mənəvi-tərbiyəvi keyfiyyətlər aşılamaqla yaxşılıq etməyi öyrədir. Təqdimat mərasiminə toplaşdığımız kitab da bu baxımdan əhəmiyyət kəsb edir. Türk dünyasının vəhdəti, birlik və bərabərliyinin uşaqlara, böyüməkdə olan nəslə aşılanması sevindiricidir. İnanıram ki, onlar nəşrdə yer alan türk dünyasının nağılları ilə tanış olarkən bizim adət-ənənələrimizi, bir-birinə yaxın mədəniyyətimizi də öyrənə biləcəklər".
   Nazir ölkəmizdə kitabxana işinin təşkili, yeni nəşrlərin oxucuların istifadəsinə verilməsi istiqamətində böyük işlərin görüldüyünü dedi. Qeyd etdi ki, bu gün ölkəmizdə kitab nəşri işi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illər ərsəyə gələn nəşrlər kitab fondlarımızı, kitabxanalarımızı zənginləşdirir. Hər bir qurum bu sahədə üzərinə düşəni etməlidir: “Bu günədək uşaqların zehni və mənəvi inkişafı üçün bir sıra kitablar nəşr edilərək onların ixtiyarına verilib. “Türk dünyasının nağıl bağı” kitabı da onların mənəvi, əqli və psixoloji inkişafı üçün nəzərdə tutulmuş layihələrdəndir. Layihənin türk xalqları arasında mədəni və mənəvi əlaqələri genişləndirməklə yanaşı, uşaq folklorunun da gələcək nəsillərə çatdırılması baxımından müsbət nəticə verəcəyinə ümid edirik”.
   Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov da qurumun dəstəyi ilə ərsəyə gələn kitabın əhəmiyyətini vurğuladı. Bildirdi ki, yeni nəşr uşaqların dünyagörüşünə fayda verməklə onların türk dünyasının mədəniyyətini, folklorunu daha da dərindən mənimsəmələrinə şərait yaradacaq. Layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı - şifahi xalq ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır. 
   Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov belə bir kitabın ərsəyə gəlməsinin ortaq dəyərlərə verilən ali qiymət olduğunu qeyd etdi. Vurğuladı ki, “Türk dünyasının nağıl bağı” kitabı uşaqları türk xalqlarının sosial, iqtisadi və mədəni həyatı ilə də yaxından tanış olmağa sövq edərək onların intellektual inkişafına müsbət təsir göstərəcək. 
   Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək kitabın işıq üzü görməsində onlara köməklik göstərən bütün qurumlara minnətdarlığını bildirdi.
   Sonra qonaqlar kitabda yer alan rəsmlərdən ibarət sərgi ilə tanış oldular.
   
   Fariz Hüseynov