Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr edilmiş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Əhməd Bakıxanovun sənət yolundan söz açıb. Bildirib ki, görkəmli tarzəndən bizə qalan yadigarlardan biri yaratdığı xalq çalğı alətləri ansamblıdır. Bu ansambl Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlov və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ömrünün çox hissəsini musiqiçi kadrların hazırlanmasına həsr edib. Muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.
Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.
Tədbir konsert proqramı ilə davam edib.