Moskvada görkəmli Azərbaycan musiqiçisi Fərhad Bədəlbəylinin yubiley gecəsi keçirilib
Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə təşkil olunub.
Yubiley konserti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyi, “Roskonsert” birliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşib. Konsertdə Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov, gənc tenor Azər Rzazadə, soprano Kyara İzotton iştirak ediblər. Proqrama Fikrət Əmirov, Cüzeppe Verdi, Corc Gerşvin, Sergey Raxmaninovun əsərləri daxil edilmişdi.
Fərhad Bədəlbəyli AZƏRTAC-a müsahibəsində dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etməkdən böyük şərəf duyduğunu söyləyib: “Hər bir musiqiçi üçün Moskva, London, Vyana, Nyu-York səhnələrində çıxış etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni qəbul ediblərsə, deməli sən peşəkar musiqiçisən”.
F.Bədəlbəyli qeyd edib ki, bu gün həm də Moskva səhnəsində Fikrət Əmirovun 95 illiyi münasibətilə dahi bəstəkarın əsərlərinin, o cümlədən “Sevil” operasından Balaşın ariyasının və Elmira Nəzirova ilə birgə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert”inin səslənməsi çox sevindiricidir. Konsertdə ilk dəfə S.Raxmaninovun fortepiano üçün yazdığı 2 saylı süitası məşhur aranjimançı A.Varenberqin işləməsində iki fortepiano və simfonik orkestrlə ifa olunub. “Moskva dinləyiciləri çox tələbkardırlar, buna görə də mən olduqca həyəcanlıyam”, - deyən yubilyar ən böyük arzusunu da dilə gətirib: “Mənim ancaq bir arzum var: Şuşada konsert vermək!”.
Yubiley gecəsinin tamaşaçıları arasında olan məşhur sənət adamları və ictimai xadimlər müsahibələrində Fərhad Bədəlbəylini yubileyi münasibətilə təbrik ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:
- Mən bu gün çox xoşbəxtəm ki, Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində 60 illik dostum, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsi keçirilir. Konsertin təşkilində dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirmək istəyirəm. Bu gün yubiley gecəsinə Azərbaycanı, onun mədəniyyətini, incəsənətini sevənlər toplaşıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Rusiya paytaxtında möhtəşəm tədbirlər keçirməsi artıq gözəl ənənəyə çevrilib. Mən dostum Fərhada daha böyük uğurlar, cansağlığı, həmişə irəlidə olmağı diləyirəm.
Rusiyanın Əməkdar incəsənət xadimi Janna Dozortseva:
- Fərhad uzun illər Rusiyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Məşhur dirijor Veronika Dudarova da onu çox sevərdi. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın fəxri və sərvətidir.
TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman:
- Bu gün Moskvanın mədəni həyatında əlamətdar hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın ifasına heyrandırlar. Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun 70 illik yubileyini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın konsertlərini xatırlayıram. Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti heç dəyişməyib. Fərhad təkcə qəlbən deyil, həm də yaradıcılığı ilə gəncdir.
SSRİ Xalq artisti Tamara Sinyavskaya:
- Mən Fərhad Bədəlbəyliyə ilk növbədə cansağlığı, yaradıcılıq sevinci arzu edirəm. Fərhad Çaykovski adına salonda dəfələrlə çıxış edib və mən əminəm ki, bugünkü konsert onun yaradıcılığının daha bir zirvəsidir.
Xalq artisti Yalçın Adıgözəlov:
- Çox əlamətdar bir gün yaşayırıq, görkəmli pianoçumuz, musiqiçimiz, SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin 70 illiyini qeyd edirik. Biz silsilə yubiley konsertlərini Bakıda başlamışıq, bu gün Moskvada çıxış edirik və ümid edirəm ki, başqa ölkələrdə də davam etdirəcəyik. Fərhad müəllim yaradıcılığının zirvəsindədir, fortepiano məktəbimizin lideridir və gənc musiqiçilərimiz üçün hər cəhətdən örnəkdir.