Dünyada elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, qaçılmaz prosesdir. Müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Bu sözlərin çoxunun dilimizdə qarşılığını tapa bilməməyimiz köklü problemdir. Mütəxəssislər düşünürlər ki, bir çox alınma sözləri öz sözlərimizlə uğurla əvəz etmək mümkündür.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli bildirir ki, terminalma prosesi hər bir dilin ümumi inkişafı ilə bağlıdır, eləcə də dilin zənginləşmə yollarından biridir: “Amma bu prosesdə kortəbiiliyə yol vermək olmaz. Dilimizin fonetik, morfoloji strukturuna uyğun gələn, dünyəvi mahiyyət daşıyan alınma sözlərin və terminlərin istifadəsinə üstünlük vermək gərəkdir. Anlayışların ilkin adlandırılması zamanı onlara verilən adlar çox vaxt bir neçə terminlə, müxtəlif dil vahidləri ilə ifadə oluna bilər. Çünki yeni yaranan anlayışların başlıca əlamətlərini bəzən müəyyənləşdirmək çətin olur, verilən ad yeni və dəqiq adlar yaradılana kimi işlək xarakter daşıyır”.
Mütəxəssislər bildirirlər ki, son illərdə dilimizə hind-Avropa dillərinə aid terminlərin keçməsi daha çox müşahidə olunur. Doğrudur, Türkiyə türkcəsindən də dilimizə çoxlu söz daxil olur. Onların bir qismi özləşməyə səbəb olur, başqa bir qrup alınmalar isə süni işlədilir. Məsələn, mətbuat və televiziyada “köçürülmə” yerinə “təxliyyə” sözü tez-tez işlədilir. Halbuki ərəb kökənli “təxliyyə” sözünün işlədilməsinə gərək yoxdur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva isə qeyd edir ki, terminalmada Türkiyə və İran təcrübəsindən istifadə olunmalıdır. Türk Dil Qurumunda türk dilinə yenicə daxil olan sözlərin və terminlərin qarşılığı verilir və cəmiyyət də buna hazırlanır: “Düzdür, Türkiyədə də bu sahədə müəyyən qüsurlar müşahidə edilir. Türk Dil Qurumu yersiz alınma sözlərin işlənməsinə qarşı çıxsa da, televiziyalarda Avropa dillərinə aid sözlər işlənir. Məsələn, “yumşaq”, “rahat” yerinə “soft”, “təyyarə” yerinə “jet” və s. Bəzən Türk Dil Qurumunun alınma sözlərin qarşılığı kimi təqdim etdiyi yeni sözlər işləklik hüququ qazanmır. İranda da hər il fars dilinə daxil olan yeni sözlərin lüğəti hazırlanır və nəşr edilir”.
Bildirək ki, son illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda da bu sahədə müəyyən işlər görülüb. 2015-ci ildə professor Sayalı Sadıqova və dosent Sima Quliyeva tərəfindən hazırlanaraq nəşr edilən “İzahlı terminlər lüğəti”ndə dilimizə daxil olan 2500 yeni termin yer alıb. 2016-cı ildə “Yeni sözlər və yeni mənalar” lüğəti çap olunub. Nəşrin baş redaktoru professor İsmayıl Məmmədlidir. Bu kitabda radio və televiziya, informatika, kommunikasiya, elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən 2 minədək yeni söz, termin yer alıb, izahı da verilib.
Baba Məhərrəmli: “Bu gün virtual aləmdə yerli-yersiz alınma sözlər çox işlədilir. Kütləvi şəkildə işlədilən belə sözlər dilimizin saflığını pozur, yad təsirlərə şərait yaradır. Bu gün dilimizə yeni daxil olan alınma terminlərin, özəlliklə hind-Avropa dillərinə aid sözlərin bir qisminin qarşılığının tapılmasına gərək var”.
Aynel Məşədiyeva: “Bütün alınma sözlərin və terminlərin qarşılıqlarını vermək qeyri-mümkündür və buna gərək də yoxdur. Beynəlmiləl terminlərin işlədilməsi zamanın tələbidir, süni şəkildə söz yaratmaq olmaz. Ancaq bununla yanaşı, alınma sözlərin və terminlərin qarşılığı tapılmalı və cəmiyyətə təqdim olunmalıdır. Bəzən cəmiyyətdə vaxtilə Azərbaycan dilinə rus dilindən keçən “rozetka” tipli sözlərin nədən qarşılığının olmaması müzakirə edilir. “İzahlı terminlər lüğəti”ndə “rozetka” yerinə “elektrik yuvası” termini təklif olunur. Fikrimcə, bu termin uğurludur. Rus və Avropa dillərindən dilimizə daxil olan və işlədilən belə sözlərin Azərbaycan dilinin daxili imkanları hesabına qarşılıqlarının verilməsinə çox gərək var. Dilçilərimiz bu barədə düşünməli, dilimizin öz imkanlarından yararlanmalı, yeni sözlər və terminlər təklif etməlidirlər. Ədəbi dilə gətirilən yeni sözlər zaman-zaman dildə işləklik qazanaraq öz mövqeyini qoruyur. Vaxtilə Azərbaycan dilində “translyasiya,” “plyaj”, “multik” sözləri işlənirdi, sonradan həmin sözlərin yerini “canlı yayım”, “çimərlik”, “cizgi filmi” sözləri tutdu və bu gün onlar fəal işlənir. Son illərdə dilimizə daxil olan sözlərdən biri də “şou” sözüdür, halbuki dilimizdə onun qarşılığı olan “əyləncə” sözü var”.
Türkiyədə çox zaman alınma terminlərin qarşılığının tapılmasında kalka üsulundan istifadə edilir. Bizdə isə terminalma prosesində bu üsuldan istifadə elə də uğurlu deyil və az tətbiq olunur. B.Məhərrəmlinin sözlərinə görə, son dövrlərdə dilimizdə aktiv işlədilən “kreativ” sözünün nədən “yaradıcı” kimi işlədilməməsi anlaşılmır. Yaxud dilimizdə “müşahidə” sözü olduğu halda “monitorinq”, “icazə” sözü olduğu halda “lisenziya” sözünün işlədilməsinə nə gərək var? Bunun başlıca səbəbi dilə dəb kimi yanaşılmasıdır. Halbuki dilə dəb kimi yanaşmaq olmaz, yerli-yersiz Avropa dillərinə aid sözlərin işlədilməsi dilimizə xələl gətirir”.
Son illərdə dilimizə xüsusilə logistika və informasiya texnologiyaları ilə bağlı Avropa dillərindən çoxlu termin daxil olub. Mütəxəssislər təklif edir ki, hər il türkcəmizə yeni daxil olan terminlərin statistikası aparılsın, onların mümkün qədər qarşılıqları verilsin və mətbuat vasitəsilə cəmiyyətə təqdim olunsun.
S.Qaliboğlu