Xəbər verdiyimiz kimi, dekabrın 16-da Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş gənc klassik və folklor musiqisi ifaçılarının “World Harmony” I Beynəlxalq müsabiqəsi başlanıb.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, məktəb və “Harmoniya” Gürcüstan Folklor və Klassik Musiqisi İnkişafı Birliyinin əməkdaşlığı ilə reallaşıb.
Dekabrın 19-da Rəşid Behbudov adına Mahnı Teatrında beynəlxalq müsabiqənin qala-konserti keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov nazir Əbülfəs Qarayevin müsabiqə iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə məlumat verilib ki, müsabiqəyə fortepiano ixtisası, vokal, orkestr alətləri, xalq çalğı alətləri üzrə ifaçılar, fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı, skripka ansamblı, rəqs və xor kollektivi olmaqla ümumilikdə 275 ifaçı qatılıb. Azərbaycanın və Gürcüstanın tanınmış musiqiçilərindən ibarət münsiflər heyəti tərəfindən 8 nominasiya üzrə qaliblər müəyyənləşib.
"Qran pri" mükafatına layiq görülmüş Prezident təqaüdçüsü Lalə İbrahimova, Luka Tsevelidze və Zakir Allahverdili Türkiyədə gələn il 26 aprel - 5 may tarixində keçiriləcək "Harmoniya" müsabiqəsində iştirak etmək hüququ qazanıblar.
Sonra qala-konsert keçirilib. Proqramda parlaq və rəngarəng əsərlər müsabiqə iştirakçılarının ifasında dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.