Özbəkistan saytı Vaqif Mustafazadəni yad edib
   
   Özbəkistanın podrobno.uz portalında Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadə haqqında rus dilində “Əfsanəvi Azərbaycan cazmeni, caz-muğamın korifeyi” adlı material verilib.
   Məqalədə Vaqif Mustafazadənin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, V.Mustafazadənin ilk uğuru 1956-cı il mayın 30-da filarmoniyada böyük dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini ifa etməklə başlayır. Vurğulanır ki, 1977-ci ildə o, “Muğam” caz qrupu yaradır, Gürcüstanın “Orero” qrupunun, Bakıda “Sevil” vokal instrumental ansamblının rəhbəri olur. “Tallin-66”, “Tallin-67”, “Caz-69 Bakı” festivalları, “Tbilisi-78” caz festivalı Vaqif Mustafazadəyə böyük uğur gətirir. 1979-cu ildə Monakoda keçirilən birinci caz kompozisiyaları beynəlxalq müsabiqəsində isə V.Mustafazadə birinci mükafata və “Ağ royal”a layiq görülür.
   Qeyd edək ki, öz ifası və musiqisi ilə milyonların qəlbini fəth edən Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə dünyasını dəyişib.