Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 dekabr - Beynəlxalq kino gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə mədəniyyət xadimləri, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi, G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin müəllim və şagird heyəti, paytaxt muzeylərinin əməkdaşları iştirak ediblər.
Azərbaycanda kino sənətinin inkişafından danışan muzeyin direktoru Sevinc Mikayılova son illər bu sahədə əldə olunan uğurlardan söhbət açıb. O, milli kinonun inkişafında görkəmli bəstəkarların da böyük zəhməti olduğunu diqqətə çatdırıb. Bildirib ki, onların filmlərimizə bəstələdiyi musiqilər ayrı-ayrılıqda bir sənət nümunəsidir. Bu il kino musiqisi sahəsində xüsusi xidmətləri olan bəstəkarlarımızdan Fikrət Əmirov və Rauf Hacıyevin 95, Tofiq Quliyevin 100, Emin Sabitoğlunun 80, Səid Rüstəmovun 110 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb.
Tədbirdə adları çəkilən bəstəkarların həyat və yaradıcılığından söhbət açılıb, əsərləri ifa olunub, videoçarxlar nümayiş etdirilib.
Sonda musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan kinosunun musiqi inciləri səsləndirilib.