Dekabrın 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 125, sənətkarın adını daşıyan 6 saylı Uşaq musiqi məktəbinin 80 illiyinə həsr edilmiş tədbir keçirildi.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbiri məktəbin direktoru Almaz Əhmədova açaraq təhsil ocağının tarixinə nəzər saldı. Bildirdi ki, 1937-ci ildən fəaliyyət göstərən məktəb XX əsrin əvvəllərində inşa olunan binada yerləşir. Dahi bəstəkar Üzeyir Hacıbəyli vaxtilə bir müddət bu binada yaşayıb. “Leyli və Məcnun” operasını burada yazıb və bu evdə əsərə ilk səhnə tərtibatı verib. Məktəb 1992-ci ildən Əhməd Bakıxanovun adını daşıyır.
Məktəbin nəzəriyyə müəllimi Şəbnəm Quliyeva Ə.Bakıxanovun həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, o, ilk təhsilini İranda alıb. Ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələnib. Üzeyir Hacıbəylinin dəvəti ilə 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında muğam üzrə dərs deyib.
Azərbaycan Radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olan Ə.Bakıxanov bu ansamblla görkəmli xanəndələr Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov və başqalarını müşayiət edib. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində böyük xidmət göstərib. O, muğam sənətinin dərin bilicisi, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb.
Çıxışlardan sonra Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev məktəbin şagirdlərindən İ.Ağayeva, Z.Həşimova, L.Hüseynova, S.Rəhimova, R.Ağayeva, T.Kazımova və B.Daşdəmirovaya fəxri fərman təqdim etdi. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova tərəfindən məktəbin müəllimləri N.Ağayeva, X.Xəzri, F.Məmmədova, F.Əliyeva, V.Babazadə və N.Mahmudova fəxri fərmanla təltif edildilər.
Sonda məktəb şagirdlərinin ifasında “Dili-dili” xalq mahnısı, V.Adıgözəlovun “Qərənfil”, T.Quliyevin “Axşam mahnısı”, ”Sənə də qalmaz”, ”Rəqs”, H.Xanməmmədovun “Konsert” (II hissə), T.Bakıxanovun “Bura məskənidir gözəlliklərin”, Q.Qarayevin “Oyun”, İ.Bramsın “Laylay”, C.Hacıyevin “Zarafat”, ”Ballada”, F.Əmirovun “Lirik rəqs”, İ.S.Baxın “Menuet” və s. əsərlər səsləndirildi.
Savalan Fərəcov