Azərbaycan
   
   22 dekabr 1898 - Rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Qara daşlar”, “Səhər”, “Ulduz” filmlərinə quruluş verib.
   22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
   22 dekabr 1911 - Tanınmış jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub. 
   22 dekabr 1920 - Yazıçı, ssenarist, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbhədən cəbhəyə» romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.
   22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937 - 21.4.2005) Naxçıvanda doğulub. 
   
   23 dekabr 1911 - Şərqşünas, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xaqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan dilimizə tərcümə edib. 
   23 dekabr 1913 - Əməkdar artist İmamverdi Salman oğlu Bağırov (1913 - 6.5.1985) doğulub. İrəvan Dövlət Azərbaycan Teatrı, Milli Dram, Musiqili Komediya teatrlarında çalışıb.
   23 dekabr 1923 - Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 - 30.3.1993) anadan olub.
   23 dekabr 1945 - Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Televiziya tamaşalarına və filmlərə ("Babamızın babasının babası", "Qara gölün cəngavərləri" və s.) musiqi yazıb.
   23 dekabr 1945 - Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (1945 - 21.8.2015) anadan olub.
   23 dekabr 1946 - Xalq artisti, Prezident təqaüdçüsü, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
   23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. Əsərləri: «Şah Abbas», “Balıq adam”, “Metro vadisi” (romanlar), “Labirint”, “İki nəfər üçün oyun” (pyeslər) və s.
   
   24 dekabr 1921 - Tarixçi və şərqşünas, akademik Ziya Musa oğlu Bünyadov (1921 - 21.2.1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1973-cü ildə Azərbaycan EA-nın akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Şərqşünaslıq İnstitutuna rəhbərlik edib, Milli Məclisin deputatı olub. 
   24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
   24 dekabr 1939 - Şair, yazıçı, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 - 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s. 
   
   25 dekabr 1906 - Kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 - 7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
   25 dekabr 1906 - Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
   25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 - 8.9.1982) Şamaxıda doğulub. Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində M.Ş.Vazeh rolunda çəkilib.
   25 dekabr 1910 - Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. Tarix İnstitutunun (1960-1967) direktoru işləyib.
   25 dekabr 1920 - Bakıda rus “Tənqid-təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
   25 dekabr 1925 - Azərbaycan yazıçı və şairlərinin "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranıb. 
   25 dekabr 1931 - Respublikamızda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Abuzər Alı oğlu Xələfov anadan olub.
   25 dekabr 1934 - Ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
   25 dekabr 1935 - Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
   25 dekabr 1940 - Tarixçi, AMEA-nın həqiqi üzvü Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
   25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 - 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb. "Böyük dayaq" filmində (Pərişan) çəkilib.
   25 dekabr 1991 - Azərbaycan parlamenti 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan olunması barədə qərar qəbul edib. 

   Dünya
   
   22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt (Franz Abt, 1819 - 1885) anadan olub. 
   22 dekabr 1858 - İtalyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
   
   23 dekabr 1858 - Rejissor, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858-1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
   23 dekabr 1931 - SSRİ Xalq artisti Lev Konstantinoviç Durov (1931 - 20.8.2015) anadan olub. “Qorxma, mən səninləyəm!” (“Azərbaycanfilm”), “Baharın on yeddi anı”, “Piliqrim” kapitanı” və s. filmlərə çəkilib.
   
   24 dekabr 1798 - Polyak şairi, Polşada milli azadlıq hərəkatının rəhbərlərindən biri Adam Mitskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
   24 dekabr 1867 - Türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
   24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmanlıq keçirərək intihar edib.
   24 dekabr 1906 - İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond; 1906-1985) anadan olub. Əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.
   
   25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan