Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan ilk qadın opera müğənnisi, Xalq artisti Şövkət Məmmədovanın (1897-1981) 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.
Tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.
Tədbirin aparıcısı qonaqlara sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, lirik koloratur soprano səsli Şövkət Məmmədova Azərbaycan vokal ifaçılıq sənətinin tarixi simalarından olub.
Tədbirdə məktəbin şagirdləri Ş.Məmmədovanın həyatını əks etdirən səhnələrlə çıxış ediblər. Proqramda C.Hacıyevin “Zarafat”, A.Laranın “Qranada”, O.Kazımovun “Xəyal”, L.Dallanın “Karuso”, A.Zeynallının “Ölkəm” və s. əsərlər səsləndirilib.