Elmi-praktik konfrans keçirilib
   
   Dekabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.   
   İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, görülən işlər uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacaq. Buna görə də uşaq musiqisi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayrılmalıdır.
   Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqisi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini deyib.
   Daha sonra “Bəstəkar Mehriban Əhmədovanın yaradıcılığında uşaq mövzusu”, “Musiqi təhsilinin problemləri” mövzularında məruzələr dinlənilib.
   Konfrans uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.