Dekabrın 27-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “İlin ən yaxşı rəsm əsəri” müsabiqəsinin sərgisi açıldı.    
   Qurumun sədri, Xalq rəssamı Fərhad Xəlilov hər il keçirilən müsabiqə haqqında iştirakçılara bilgi verdi. Qeyd etdi ki, müsabiqə heykəltəraşlıq, rəngkarlıq, qrafika və tətbiqi sənət sahələri üzrə təşkil edilib və qaliblər müəyyənləşib. 
   F.Xəlilov bu il Azərbaycan rəssamları üçün yaradıcılıq baxımdan zəngin il olduğunu, onların yerli və beynəlxalq sərgilərdə iştirak etdiklərini bildirdi. 
   Sonra müsabiqənin nəticələri açıqlandı.
   Namiq Dadaşov heykəltəraşlıq, Siruz Mirzəzadə rəngkarlıq, Oqtay Quliyev qrafika, Rəşid Bağırov tətbiqi sənət sahələri üzrə “İlin ən yaxşı rəsm əsəri” müsabiqəsinin qalibləri kimi diplom və mükafatla təltif edildilər. 
   Sənətsevərlər müsabiqəyə təqdim edilmiş əsərlərlə yaxından tanış oldular. Tədbir “İlin ən yaxşı rəsm əsəri” müsabiqəsi adlansa da, təqdim edilən əsərlərin demək olar, yarısı öncəki illərdə yaradılan nümunələrdir. Sərgidə 100-dən çox əsər nümayiş etdirilir. 
   
   S.Qaliboğlu