Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının və Əskişəhər Anadolu Universitetinin əməkdaşlığı ilə yaradılan TÜRKSOY Anadolu simfonik orkestri ilk dəfə səhnəyə çıxıb.
   Türk dünyasının gənc istedadlarından ibarət TÜRKSOY Gənclik kamera orkestri və Anadolu Universiteti simfonik orkestri sənətçilərinin bir araya gəlməsi ilə yaradılan yeni orkestr ilk konsertini Əskişəhərdə verib.
   TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Anadolu Universitetinin rektoru Naci Gündoğan, qonaqlar və tələbələr konsertə baxıblar.
   Anadolu Universiteti Atatürk Mədəniyyət və Sənət Mərkəzində təşkil olunan konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən musiqiçilər sənətsevərlərə unudulmaz gecə yaşadıblar. Dünya klassik musiqi əsərlərini səsləndirən orkestr tamaşaçılar tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
   Qeyd edək ki, TÜRKSOY Anadolu simfonik orkestri dekabrın 29-dan yanvarın 9-dək İspaniyaya qastrol səfərinə çıxacaq və müxtəlif şəhərlərdə altı konsert verəcək.