İran paytaxtının ən böyük konsert salonlarından olan “Təlar Vəhdət”də Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin geniş proqramlı konserti keçirilib.
   Konsertdə dirijor Əli Əkbər Qurbaninin rəhbərliyi ilə Tehran Dövlət Mədəniyyət Universitetinin simfonik orkestri çıxış edib. Simfonik orkestrin müşayiəti ilə tarzən Ramiz Quliyevin ifasında klassik Azərbaycan musiqisindən nümunələr - Ü.Hacıbəyli, Q.Qarayev, S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, Q.Hüseynli, H.Rzayevin əsərləri, yeni işləmədə “Sarı gəlin”, “Küçələrə su səpmişəm” xalq mahnıları, klassik muğamlar dinləyicilərə təqdim olunub. 
   Eyni zamanda, professor Ramiz Quliyev Qərb klassik musiqisinə müraciət edərək, Y.Brams, F.Şubert və V.Montinin əsərlərini Tehran orkestri ilə bərabər ifa edib.
   Tanınmış sənətkarın 70 illiyinə həsr olunan konsert proqramları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər bir əsərin ifasından sonra onlar ustad tarzəni və Tehran orkestrinin musiqiçilərini ayaq üstə alqışlayıblar. Konsert çərçivəsində Əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov tərəfindən tarzən üçün yazılmış “Qarabağnamə” və “Rondoletto” əsərlərinin İranda premyerası da baş tutub. Həmçinin tanınmış müğənni Rəşid Vətəndostun ifasında Azərbaycan bəstəkarlarının vokal əsərləri - ariya və romansları təqdim edilib.
   Ramiz Quliyev Tehran Dövlət Mədəniyyət Universitetində dörd gün ustad dərsləri keçib.