Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 2017-ci il dekabrın 30-da ABŞ-da vəfat edib.
Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə paytaxtdakı Onillik musiqi məktəbində alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib.
16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.
Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.
Allah rəhmət eləsin.