Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 65 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
Gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq və AzTV-nin Niyazi adına simfonik orkestrinin ifasında əsərləri səslənəcək.
Dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələməklə yanaşı, sənədli filmlərə silsilə musiqilər yazıb. Onun yaradıcılığında fortepiano üçün yazdığı “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri mühüm yer tutur.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin “Polifoniya”, “Solfecio” üzrə dərs vəsaitlərinin, tədris proqramlarının müəllifidir.