Xəbər verdiyimiz kimi, Anadolu Universitetinin (Əskişəhər) simfonik orkestri ilə TÜRKSOY Gənclər kamera orkestrinin musiqiçilərini birləşdirən TÜRKSOY Anadolu simfonik orkestri dekabrın sonunda Əskişəhərdə ilk konsertindən sonra xarici qastrol səfərinə çıxıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə musiqiçilərini bir araya gətirən kollektiv İspaniyaya yollanıb.
Torello şəhərindəki «Teatre Cirvianum Torello» teatrında keçirilən konsertdə orkestri qazax dirijor Aydar Torıbayev idarə edib. Orkestrin müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı, «Astana Opera»nın solisti Nazım Sagintay çıxış edib.
Proqramda İohann Ştraus, Luici Ardit, Frans Leqar, İmre Kalman, Pyotr Çaykovski və İohannes Bramsın avropalı dinləyiciyə yaxşı tanış olan əsərlərilə yanaşı, türk bəstəkarlarının bəstələri də təqdim olunub. Nevit Kodallının orkestr üçün süitası, qazax bəstəkarı Lətif Hamidinin «Bülbül» mahnısı, Müzəffər Sarısözenin «Katibim» mahnısı gənc Azərbaycan musiqiçisi, dirijor Mustafa Mehmandarovun aranjimanında təqdim edilib. İspan tamaşaçıları orkestrin çıxışını bəyəndiklərini uzun sürən alqışlarla bəyan ediblər.
Kollektiv növbəti konsertlərini Qranadada, La Kuetedə, Yekle və Seqoviyada verib. TÜRKSOY Anadolu simfonik orkestrinin müvəffəqiyyətlə keçən İspaniya turnesi yanvarın 9-da başa çatıb.
G.Mirməmməd