Azərbaycanlı və avstriyalı gənc musiqiçilərin konserti
   
   Yanvarın 17-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçilərin iştirakı ilə “Mahnılarla körpü yaradaq” adlı konsert proqramı keçirilib.   
   Mərkəzin rəhbəri Leyla Qasımova qonaqlara konsertin ideyası haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin incəsənətini və musiqisini Avstriyada ən yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Mərkəz yetişməkdə olan gənc sənətçilərə də xüsusi diqqət ayırır. Bu layihə Avstriyanın Azərbaycandakı səfirliyi və mərkəzinin birgə təşəbbüsü ilə ərsəyə gəlib. 
   Layihə çərçivəsində Azərbaycanın və Avstriyanın gənc musiqiçilərinin birgə konserti barədə razılıq əldə olunub. Bununla da Avstriyanın Klagenfurt şəhərində doğulmuş Kiara Taler ilə bakılı Fidan Hüseynova və Valeh Hüseynbəyli arasında əməkdaşlığın əsası qoyulub. L.Qasımova ümidvar olduğunu bildirib ki, bu layihə ilk dəfə eyni səhnəni paylaşan musiqiçilərin gələcək əməkdaşlıqları üçün örnək olacaq.
   Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış filmlərdən parçalar, eləcə də Azərbaycan və Avstriya xalq mahnıları ifa olunub.
   Yeniyetmə musiqiçiləri birgə konsert üçün Solmaz Aslanova (vokal) və Sevinc Əzizova (fortepiano) hazırlayıblar.