Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq namizədi Jalə Qulamova tanınmış bəstəkarın həyat və yaradıcılığından söz açıb. Vurğulanıb ki, Elnarə Dadaşova Azərbaycan musiqi sənətinin inkişafına töhfə verən bəstəkar olmaqla yanaşı, həmçinin bir çox istedadlı musiqiçilər nəsli yetişdirən gözəl pedaqoqdur, musiqişünaslıq üzrə dərsliklərin müəllifidir.
J.Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının təbrik məktubunu E.Dadaşovaya təqdim edib.
Yubilyar tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Mədəniyyət” televiziya kanalına, Bəstəkarlar İttifaqına və filarmoniya rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, hələ erkən yaşlardan həyatını musiqiyə həsr etməyi və yaradıcılıqla məşğul olmağı arzulayıb. Bu arzu onun bəstəkar kimi formalaşmasına böyük təsiri olmuş müəllimi Qara Qarayevin sayəsində həyata keçib.
Yaradıcılıq gecəsi əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat və digərlərinin ifaları ilə davam edib. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik orkestri və Cahangir Cahangirov adına Xor kapellası müşayiət edib.