Son illər Qəbələ rayonunda qış turizminin inkişafı üçün görülən işlər, yaradılan müasir infrastruktur əcnəbi turistlərin daha çox marağını cəlb edir. Rayonda artıq bir neçə ildir ki, “Tufandağ” dağ-xizək kompleksi fəaliyyət göstərir. Qarın yağması ilə rayonun Duruca kəndində yerləşən müasir istirahət mərkəzində xizəkçilik mövsümünə start verilib.
Turizm şirkətləri vasitəsilə Qəbələyə gələn turistlərin ən çox üz tutduğu yerlərdən biri kanat yolları və xizəkçilik mərkəzidir.
Birləşmiş Ərəb Əmirliklərindən gələn turist Hamdan Muhammad Ahmad AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycana ilk dəfə səfər etdiyini, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsinin məhz Qəbələdə şahidi olduğunu deyib: “Qarlı havada meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla bura yenə qayıdacağam”.
“Bizim ölkəmizdə nadir hallarda qar yağır və tez əriyir. Burada tam başqa ab-havadı. Qəbələdə əsl qış fəslidir. Qarlı qışı görmək üçün buraya gəlmişik. Kanatla dağ gəzintisinə çıxmaq və xizəklə sürüşməkdən zövq alıram”, - bu isə Dubay şəhərindən gələn turist Muhəmməd Əl Şaerin təəssüratıdır.
Peşəkar təlimçilər turistlərə buz üstə xizəklə düz sürüşməyi, sağa və ya sola dönməyi və dayanmağı öyrədirlər. Qonaqlar üçün Azərbaycan, rus və ingilis dillərində fərdi və ya qrup şəklində xizək dərsləri təşkil olunur. İstirahət mərkəzinə gələnlərin əksəriyyətinin məlumatlandırılmasına ehtiyac var. Bu problemi həll etmək üçün informasiya məntəqəsi yaradılıb.
Turistlər əvvəlcə kanat yolu ilə qarla örtülmüş uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, Duruca kəndini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edir, xatirə şəkli çəkdirirlər. Gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.