Yanvarın 22-də Moskvada tanınmış bəstəkar, Rusiyanın Xalq artisti Vladimir Şainskinin dəfn mərasimi keçirilib. 12 dekabr 1925-ci ildə Kiyevdə anadan olan, 40-cı illərdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Orkestr fakültəsində oxuyan Vladimir Şainski daha sonra (1962-1965) Bakıda, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsində Qara Qarayevin sinfində təhsil alıb.
Vladimir Şainski zamanının məşhur bəstəkarlarından biri olub, uşaqlar və böyüklər üçün populyar mahnıların, məşhur cizgi filmlərinə (“Çeburaşka”, “Timsah Gena”) musiqilərin müəllifidir. SSRİ Dövlət mükafatına layiq görülüb. Həmçinin müxtəlif estrada ansambllarına rəhbərlik edib.
Bəstəkar 2000-ci ildə İsrailə köçüb. 2004-cü ildən ABŞ-da (Kaliforniya ştatı, San-Diyeqo şəhəri) yaşayıb. 2017-ci il dekabrın 25-də orada vəfat edib. Ailəsinin istəyi ilə nəşi Moskvaya gətirilərək dəfn olunub.
Vida mərasimində vaxtilə bəstəkarla sıx yaradıcılıq münasibətləri olmuş tanınmış musiqiçilər, o cümlədən Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.