2018-ci ildə alman filosofu, bir zamanlar dünyada kommunist ideologiyasının banisi kimi şöhrət tapmış Karl Marksın (1818-1883) anadan olmasının 200 ili tamam olur.
   Zaman artıq o zaman olmasa da, Almaniyada, Marksın dünyaya gəldiyi Trir şəhərində, eləcə də ayrı-ayrı ölkələrdə bu yubileylə bağlı müxtəlif tədbirlər planlaşdırılır.
   Trir şəhərinin bir sakini isə bu günlər xüsusilə buraya gələn turistlərin diqqət mərkəzindədir. Yoldan keçənlər ona diqqət yetirilər. Bir çoxları dayanaraq karıxmış halda ağsaçlı və saqqalı kişiyə baxaraq, ucadan səslənirlər: "İzn verin, bu ki Karl Marksdır!”. 
   “Deutsche Welle” (“Alman dalğası”) radiosunun saytında yer alan materialda bildirilir ki, 66 yaşlı təqaüdçü Mixael Tilen (Michael Thielen) elmi kommunizm nəzəriyyəsinin banisi kimi əslən Trir şəhərindəndir və o öz məşhur həmyerlisinə çox oxşayır. 
   Mixael Tilen ixtisasca müəllimdir. Təqaüdə çıxana qədər məktəbdə alman və ingilis dillərindən dərs deyib. Həmçinin o, fotoqraf və musiqiçidir. Zahirən Karl Marksa oxşarlığı isə bir neçə il öncə aşkar edilib. "Mən tənbəlləşmişdim, saqqalımı və saçımı uzatmışdım. Bir gün dostum dedi ki, bura bax, sən bilirsən, kimə bənzəyirsən?”, - "Kapital"ın müəllifinin oxşarı o günləri belə xatırlayır. 
   Dostlar gözlənilmədən aşkarlanmış bu oxşarlıqdan yararlanmaq qərarına gəlirlər. Onlar Trir şəhərinə gələn turistlər üçün ekskursiyalar təşkil etməyə başlayırlar. Bələdçi rolunda təbii ki, Karl Marksın bənzəri Mixael Tilen idi. Marksın oxşarının xidmətlərindən dahi nəzəriyyəçinin 200 illik yubileyi münasibətilə bu ilin mayında Trir şəhərində açılışı gözlənilən sərgi təşkilatçıları da istifadə edəcəklər. 
   Yubiley münasibətilə burada elmi konqres, kinoproqram və bədii ekspozisiyalar daxil olmaqla 150-yə yaxın tədbirin keçirilməsi planlaşdırılır. XIX əsr ruhunda hazırlanmış xüsusi proqramlı, teatral və musiqili gecədə isə yubilyar rolunda Mixael Tilen çıxış edəcək. 
   “Deutsche Welle”də dərc olunan məqalədə o da vurğulanır ki, Tilen siyasi baxışlarına görə marksistdir. Onun sözlərinə görə, Marksın ideyaları bu gün də "son dərəcə aktualdır". “Proletariat hələ də bölünmüş vəziyyətdədir və beynəlxalq korporasiyalar tərəfindən idarə olunur. Marks bütün bunları görsəydi, danışıq qabiliyyətini itirərdi. İllər keçsə də, dünya proletarları hələ də birləşməyiblər”, - deyə o təəssüflə bildirir.
    
   İlona