Bu yaz mövsümünün ən parlaq caz tədbiri sayılan “Riga Jazz Stage 2018” aprelin 5-7-də Latviya paytaxtının “Splendid Palace” kinoteatrında keçiriləcək. Dünyanın 22 ölkəsindən 65 musiqiçinin iştirak edəcəyi müsabiqə gənc caz istedadları üçün nüfuz qazanmaq və özünü beynəlxalq səviyyədə nümayiş etdirmək üçün gözəl fürsətdir. Müsabiqə iki kateqoriyada (vokal və bas) təşkil olunacaq.
Azərbaycanı Riqa caz müsabiqəsində Nərmin Məmmədli təmsil edəcək. Nərmin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. O, həmçinin 2016 və 2017-ci illərdə Bakı Caz Festivalının iştirakçısı olub.
Beynəlxalq münsiflər heyəti Litva, Estoniya, Türkiyə, Böyük Britaniya, Finlandiya, Almaniya, İtaliya, ABŞ, Çin, Braziliya və digər ölkələrin peşəkar musiqiçilərindən ibarət olacaq.
“Riga Jazz Stage” müsabiqəsi 2004-cü ildən ənənəvi olaraq keçirilir.