Professor Tərlan Seyidovun 75 illik yubileyi qeyd edilib
Yanvarın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun anadan olmasının 75 illiyi qeyd edilib.
Akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Tərlan Seyidovun Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən söhbət açıb. Onun genişprofilli peşəkar musiqiçi kimi həyata keçirdiyi layihələrdən və yetirmələrinin qazandığı uğurlardan danışıb.
“Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun Azərbaycanda elmi-ifaçılıq təcrübəsinin genişlənməsi, peşəkar musiqiçilərin hərtərəfli inkişafı, formalaşması, mütəxəssislərin yetişməsi, gənc musiqiçilərin mükəmməl təcrübəyə yiyələnməsində böyük xidmətləri var. O, peşəkar musiqiçilərin hazırlığına, onların yeni keyfiyyət səviyyəsinə çatmasına imkan yaradır və bu yolda həm də böyük maarifləndirici rol oynayır”, - deyə rektor bildirib.
Uzun illər akademiyada göstərdiyi səmərəli fəaliyyətinə görə yubilyarı təbrik edən rektor ona rəhbərlik etdiyi ali təhsil ocağının diplomunu verib.
Mədəniyyət və Turizm Nazirliyi adından yubilyarı təbrik edən nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev Tərlan Seyidovun nəzəri və praktik əhəmiyyətə malik onlarla elmi işin, monoqrafiyanın, məqalə və tədris vəsaitinin müəllifi olduğunu, həmin tədqiqatların tələbələrin təcrübi və nəzəri təhsili üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Zəhmətkeş alimin musiqi xəzinəmizə bəxş etdiyi elmi əsərləri yüksək qiymətləndirən şöbə müdiri ona ən xoş arzularını çatdırıb.
Tədbirdə Tərlan Seyidovun yaratdığı və rəhbərlik etdiyi BMA-nın məktəb-studiyası konsert proqramı ilə çıxış edib.
Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.