Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış vokalçı, Xalq artisti Elxan Əhədzadənin (1948-2010) 70 illik yubileyi qeyd edildi. Musiqili xatirə axşamı Beynəlxalq Muğam Mərkəzi ilə “Mədəniyyət” televiziya kanalının birgə layihəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirildi. 
   Elxan Əhədzadə 1948-ci il yanvarın 30-da Bakıda musiqiçi ailəsində dünyaya gəlmişdi. İlk sənət təhsilini C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun “kino aktyoru” kursunda alıb. 1969-cu ildən S.Vurğun adına Rus Dram Teatrında çalışaraq irili-xırdalı rollar oynayıb. 
   1972-1977-ci illərdə İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alır. Elə bu zamandan da Elxan sənətdə öz yerini tapır. İndiki Musiqili Teatrda istər Azərbaycan, istərsə də rus bölməsində maraqlı obrazlar yaradır. Bir neçə filmdə çəkilir, “Çətirimiz buludlardır”, “Üzü küləyə” bədii lentlərində baş rolları ifa edir. Teatrsevərlər onu aktyor, Azərbaycan estrada musiqisini sevənlər isə müğənni kimi daha çox tanıyırlar. 
   Elə yubiley tədbirində çıxış edən “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov mərhum sənətkarın Azərbaycan Televiziya və Radiosunun Estrada-Simfonik Orkestrinin solisti kimi fəaliyyətindən, Qarabağ hadisələri başlayandan sonra həm də hərbi-vətənpərvərlik mahnılarının təbliğatçısı kimi cəbhə bölgəsindəki çıxışlarından danışdı. Rəşid Behbudovla da bir müddət çalışmış Elxan Əhədzadənin Mahnı Teatrı ilə xarici ölkələrə qastrollarda olduğu, hətta xaricdəki konsert proqramlarını aparıcı kimi idarə etdiyi yada salındı. Bu da təsadüfi deyildi. Azərbaycan və rus dillərindən başqa ingilis dilini də bilən Elxan Əhədzadə Azərbaycan incəsənətini həm də sözlə təqdim etməyi bacarırdı. 
   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov mərhum ifaçının onun operettalarında əsas rolları həvəslə oynamasından, Musiqili Teatrın səhnəsindəki digər obrazlarından söz açdı. 
   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev isə Elxan Əhədzadənin teatr səhnəsindəki rollarını - Nofəl (“Leyli və Məcnun”), Qacar (“Vaqif”), qəzetçi Rza bəy (“O olmasın, bu olsun”), Bəhram (“Solğun çiçəklər”) və s. xatırladı. 
   Konsertdə Azərbaycan vokal sənətinin bugünkü ən yaxşı səsləri - Xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Zemfira İsmayılova, Əliəhməd İbrahimov, Fərid Əliyev, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Afaq Abbasova və Cahangir Qurbanov, vokalçılar Aynur İsgəndərli və Taleh Yəhyayev, Elçin Əhədzadə (yubilyarın qardaşı oğlu) Azərbaycan və dünya bəstəkarlarının operalarından ariyalar və romanslar ifa etdilər. 
   Konsert Elxan Əhədzadənin oğlu balaca Rafaelin məşhur “Santa Lucia” Neapol mahnısını ifa etməsi ilə başa çatdı. 
   Gecənin sonunda mərhum sənətkarın qardaşı Tərxan Əhədzadə səhnəyə qalxaraq yubilyarın ailə üzvləri adından tədbirin təşkilatçılarına və salona toplaşan hər kəsə minnətdarlığını bildirdi. 
   
   G.Mirməmməd