Bir əsərin tarixçəsi 
   
   Kifayət qədər qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan ədəbiyyatının el sevgisi qazanmış nümunələri arasında dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinin özünəməxsus yeri vardır, desək, yanılmarıq. Sovet hakimiyyətinin ilk illərində Bakıda məşhur azərbaycanlıya abidə ucaltmaq məsələsi gündəliyə gələndə həmin siyahıya birinci Sabirin adının yazılması da məhz şairə olan xalq sevgisinin rəsmilər tərəfindən başa düşülməsinin ifadəsi idi. 
   Əlavə edək ki, heykəlin ucaldılmasına qədər artıq şairin millətinin poetik bioqrafiyası kimi qəbul olunan “Hophopnamə”si (1914) görkəmli fırça ustası Əzim Əzimzadənin çəkdiyi koloritli rəsmlərlə işıq üzü görmüşdü. 1922-ci ildə şairin anadan olmasının 60 illiyi münasibətilə Bakıda abidəsinin açılması ilə yanaşı, “Hophopnamə” də yenidən Ə.Əzimzadənin illüstrasiyaları ilə nəşr olunmuşdu. Amma qəribə də olsa, kitabın elə Ə.Əzimzadənin sağlığında - 1934-cü ildə baş tutan növbəti nəşrinin bədii tərtibatını gənc rəssam İsmayıl Axundova tapşırmışdılar. O, mətnə öz məşhur sələfindən fərqi münasibət göstərməyə çalışsa da, ondan daha təsirli illüstrasiyalar ərsəyə gətirə bilməmişdi. 1961-ci ildə şairin 100 illiyi ərəfəsində isə Sabir irsinə bədii görkəm vermək satirik rəsmlərdə kifayət qədər təcrübəyə malik olan Nəcəfqulu İsmayılova tapşırılmışdı. O da çəkdiyi illüstrasiyalarda Ə.Əzimzadə ənənələrinə qayıtmağa üstünlük verməklə, haradasa artıq həyatda olmayan müəllimini təkrarlamış oldu. 
   Bundan 19 il sonra - 1980-ci ildə “Yazıçı” nəşriyyatında çap olunan “Hophopnamə” isə əvvəlkilərdən çox fərqli bir bədii tutumda ictimaiyyətə təqdim olundu. Kitaba çəkilən illüstrasiyaların müəllifi də o vaxta qədər oxucuların imzasını tanımadıqları Arif Hüseynov idi. Həmin günləri - gənc rəssamla ilk tanışlığı xatırlayan və o vaxtlar “Yazıçı” nəşriyyatının baş redaktoru vəzifəsində çalışan şair Əliağa Kürçaylı yazır: “Nəşriyyata ilk gəlişi zamanı o özünü təqdim edib “Arif Hüseynovam, məni Mikayıl müəllim göndərib. Sabirin “Hophopnamə”sinin tərtibatı üçün...” - dedi. Üç-dörd gün qabaq Xalq rəssamı Mikayıl Abdullayevlə söhbətim yadıma düşdü. “Yazıçı” nəşriyyatının arzusu bu idi ki, Sabirin (“Hophopnamə”nin) yeni - yeddinci nəşri bədii tərtibat baxımından öz müasirliyi, mənalılığı, təsirliliyi ilə seçilsin. Mikayıl müəllimə bunu da bildirdik ki, bir neçə rəssama təklif etmişik. Ə.Əzimzadənin tərtibatından sonra bu işə girişməyi lazım bilmirlər, bəziləri həmin tərtibatı təkrar etməyi məsləhət görürlər... O, bir qədər düşünəndən sonra: - Arif Hüseynov adlı cavan rəssam var, onunla söhbət edin, - dedi. İndi həmin rəssam nəşriyyata gəlmişdi”. 
   Baş redaktorla Sabir barəsində söhbətindən bir ay sonra rəssam çəkdiyi eskizləri nəşriyyata gətirir. Həmin məqamı Ə.Kürçaylı belə xatırlayır: “Biz eskizlərə baxanda heyrətimizi gizlədə bilmədik. Rəssam Sabir poeziyasına zahiri effekt, tipajların konkret təsviri baxımından yanaşmamışdı. O, böyük mütəfəkkir şairin misralar arasındakı yazılmamış fikirlərini oxumağa çalışmış, rəmzləri görməyə can atmışdı”. Bu doğrudan da belə idi, ancaq bu yenilik heç də hamı tərəfindən birmənalı qarşılanmadı.
   Əksər misraları çoxlarının dilinin əzbəri olan “Hophopnamə”yə bu cür fərqli bədii yanaşma zamanında Azərbaycan kitab məkanında böyük hay-küyə, mübahisələrə səbəb oldu. Şairin oğlu Məmmədsəlim Tahirzadə hətta kitabın satışdan yığışdırılması üçün imza toplamaq kampaniyasına da başlamışdı. O, kitabın yalnız Ə.Əzimzadə rəsmləri ilə nəşrinin tərəfdarı idi. Həmin mübahisələrin nəticəsi bu oldu ki, Sabirin başqa cür də “oxunuşu” mümkündür və bunu “top-tüfəng”lə qarşılamaq əvəzinə alqışlamaq lazımdır...
   Duyulası zaman distansiyasından Arif Hüseynovun çəkdiyi həmin illüstrasiyaları dəyərləndirməli olsaq, deməliyik ki, şeirlərin süjet və ideyasından başqa, şairin yaradıcı üslubuna tapınaraq yaradılan bu ağ-qara rəsmlər özündə həm də Sabir poeziyasından qırmızı xətt kimi keçən fəlsəfi yozumu hifz etdiyindən çox düşündürücüdür. Həmin qrafik əsərlərdə görkəmli söz xiridarının qamçıladığı adamların müxtəlif psixoloji durumlu simalarının kompozisiya çərçivəsinə sığışmaması da oxucuda məkanın nəhayətsizliyi, hadisənin əhatəliliyi təsəvvürünü gücləndirməyə xidmət edir. Bütünlükdə yalançı millət qəhrəmanlarının, daşqəlblilərin, soyuqqanlıların çoxluğuna işarə edir, nəticə etibarilə şairin düşüncələri ilə səsləşir, onu tamamlayır. “Daşqəlbli insanları neylərdin, ilahi?”, “Dindirir əsr bizi, dinməyiriz!”, “Şairəm, çünki vəzifəm budur əşar yazım” və s. şeirlərinə çəkilmiş illüstrasiyalarda müəllifin zamanəsinə tutduğu sərt bədii güzgüdə həm də “Hophopnamə”nin ümumi ruhuna və fəlsəfəsinə onun düşündürücü nüfuzetməsi duyulurdu. Ümumiyyətlə, ağ-qara cizgilərlə gerçəkləşən həmin on illüstrasiya əslində gənc rəssamın sözlə təsvir arasında yarada bildiyi bədii-psixoloji körpüyə bənzəyirdi.
   Rəssam 1981-ci ildə yenidən Sabir poeziyasına müraciət etdi və şairin şeirlərinə “rənglərin dili” ilə nəzər yetirməklə, bu tükənməz qaynaqda üzəri bəzənmiş hadisələrin alt qatının düşündürücü göz yaşından “boylandığını” özü üçün də kəşf etdi. Arif Hüseynovun təqdimatında şairin üzü obrazlarına yönəli profil portreti və onun “qaralmış” çırağın ətrafına səpələnmiş gözqamaşdırıcı əlyazmaları Sabir şəxsiyyətinin və yaradıcılığının ölməzliyinə işarə kimi qəbul olunur. Sabirin əkinçisi də rəssam təfsirində istismarçı qüvvələrin təzyiqi altında, şairin oxumağa əhəmiyyət verməyən həmyerliləri elmə yiyələnməyin sayəsində “balon”larla göydə uçan avropalılara həsədlə baxmaqda, kosmopolit intelligentləri barışnaların həsrətini çəkməkdədirlər...
   Arif Hüseynovun şairin 150 illiyi ilə əlaqədar çap olunan “Hophopnamə”yə verdiyi tərtibat və bu nəşrin bütün mənalarda çəkisini artıran qırx yeni rəsm də özünəməxsus bədii həlli, onun bu vaxta qədər bu yöndə elədiklərinin uğurlu sintezi kimi qəbul olunur. Demək olar ki, bu əsərlərdə şairin dillər əzbəri olan əksər şeirlərinə münasibət bildirilib. Bu illüstrasiyalar, ilk növbədə, ümumi kompozisiya həllinə görə orijinal olduqlarından yeni və çox cəlbedicidir.
   Qarışıq texnikada yaradılan bu lövhələrin özünəməxsusluğunu şərtləndirən bədii xüsusiyyət onların forma etibarilə iç və çöl kompozisiyalardan ibarət olmasıdır. Belə ki, qrafik lövhələrin mərkəzində müəyyən çərçivə daxilində cərəyan edən təzadlı çalarlarla ifadə olunan süjetlər həm də həmin təsvirin müəyyən hissəsinin bir qədər zəif rəng çalarları ilə verilmiş görüntüsüylə əhatələnmişdir. Əslində, bu bədii üsul kompozisiyadaxili cizgi “gərginliyi”nin bütün vərəq boyu davamı kimi qəbul olunduğundan mərkəzi hissənin daha qabarıq görünməsini şərtləndirmişdir. Rəssam demək olar ki, bu çoxsaylı lövhələrində üç aparıcı komponenti - köməkçi-bildirici məkanı, süjetin təsvirini və yazıları uğurla qovuşdurmaqla poetik misralardan aldığı təəssüratını - yaradıcı duyğularını tamaşaçıya çatdırmağa nail olmuşdur. Kompozisiyalarında düşündürücü rəmzi elementlərdən geniş istifadəyə üstünlük verən müəllif bu dəfə “Hophopnamə”nin vaxtilə çap olunduğu üç əlifbadan (ərəb, kiril və latın) həm də süjetləri bildirən element kimi istifadə etmişdir. 
   Əsərlərdə işıq-kölgə təzadlarına qatılan cüzi rənglərin süjetlərin dinamikliyinə və emosionallığına təsiri duyulandır. “Avropada Məmmədəlinin eşqbazlığı”, “Pula təvəccöh”, “Ölübə!”, “Barışnalara dair” və s. şeirlərlə bağlı illüstrasiyalar rəssamın yüksək sənətkarlığının göstəricisi olmaqla bərabər, bütünlükdə çağdaş kitab qrafikası sənətimizə layiqli töhfə hesab oluna bilər... 
   Sabir şeirlərinin hər birinin fəlsəfi tutumunu incəliklə “oxuya” bilən Arif Hüseynov bu yükə adekvat, Sabir üslubuna müvafiq bədii təsvir verməklə onları oxucusunu-tamaşaçısını düşüncələr burulğanına salmağa qadir olan qaynağa çevirə bilmişdir, desək, yanılmarıq. Rəssamın Sabir yaradıcılığına bir qərinəyə qədər müddətdə davam edən münasibəti bu bədii yanaşmanın qabarıqlığı ilə seçilən evolyusiyası ilə seçilir. Xalqımızı uzun əsrlər boyu daban-dabana “izləyən” dərdləri, çox vaxt çarəsiz görünən problemlərin ümumi ağrımıza çevrildiyini özü də duyan Arif Hüseynov həm də bədii vasitələrlə Sabirin bu günümüzə kimi müasir qalmasını əsərlərində göstərə bilmişdir. 
   Rəssam təfsirində “Oxutmuram, əl çəkin!” və “Qorxuram” şeirlərində dərin kökləri olan və bu günümüzə kimi daşınan cəhalətin və avamlığın kökləri zəmanəsinin səciyyəvi görüntüləri ilə qoşalaşdırıldığından onlar çox inandırıcı qəbul olunurlar. 
   Arif Hüseynov şairin dilindən “Ax, necə kef çəkməli əyyam idi”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?!”, “Bu çərxi-fələk tərsinə dövran edir indi” və “Millət necə tarac olur olsun, nə işim var?!” deyən tiplərinə onları səciyyələndirəcək və oxuculara-tamaşaçılara tanıda biləcək görkəm verməklə onların daşıdıqları cəhətlərə bu günümüzdə də tuş gəlindiyinə əsərlərlə təmasda olanları inandırır. 
   Həyat hadisələrini təfsir etməklə görüntüyə almağa bütün yaradıcılığı boyu üstünlük verən A.Hüseynov “Hophopnamə” ünvanlı əsərlərində də poetik nümunələrin bədii şərhinə həm də müəllif münasibətini əlavə etməklə onları oxucunu dialoqa çəkmək gücünə bələyə bilmişdir. Bu mənada müəllifin bir çox kompozisiyalara real elementlərlə yanaşı rəmz və məcazları daxil etməsi çox məntiqli qəbul olunur. Onların hər bir lövhənin dominantı olan insan təsvirləri ilə əlaqələndirilməsi isə kompozisiyanın bütövlüyünün əldə olunmasını şərtləndirmişdir. Həmin nəşrin 2012-ci ildə MDB üzrə IX “Kitab sənəti” müsabiqəsində xüsusi mükafata layiq görülməsini də onun bədii-poliqrafik estetikasına verilən yüksək dəyər saymaq olar. 
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri