Hər zaman qızğın müzakirələrin, səsli-küylü çıxışların, siyasi debatların yaşandığı Türkiyə Böyük Millət Məclisinin (TBMM) ən sakit məkanı buradakı kitabxanadır. Müxtəlif nəşrlərlə zəngin kitabxanadan təkcə TBMM-də çalışanlar deyil, kənardan müraciət edənlər də istifadə edə bilər.
Türkiyədə ilk məclis təcrübəsi kimi, ilk məclis kitabxanasının qurulması da Osmanlı dönəmindən başlayıb. Həmin dövrə aid sənədlər hazırda TBMM kitabxanasında qorunur. Osmanlı parlamenti biri Məclisi-Ayan, digəri isə Məclisi-Məbusan olmaqla iki orqandan ibarət olub. Bu orqanların kitabxanaları da ayrı şəkildə fəaliyyət göstərib. 1916-cı ildə ümumi parlament kitabxanasının yaradılması üçün addım atılıb. 1920-ci ilin 23 aprelində açılan Türkiyə Böyük Millət Məclisinin həyata keçirdiyi ilk işlərdən biri Məclis kitabxanasını qurmaq olub. Cümhuriyyət qurulduqdan sonra Osmanlı dönəmi parlamentinə aid olan 5 min cild kitab, qəzet, jurnal və s. tədricən İstanbuldan Ankaraya - bu kitabxanaya köçürülüb.
1960-cı ildə xidmətə açılan bugünkü TBMM binasında kitabxana üçün xüsusi məkan nəzərdə tutulmuşdu. Sonra fonda daxil olan nəşrlərin, qanunvericilik toplularının sürətlə atması nəzərə alınaraq kitabxana üçün yeni xidməti bina tikilir. Məclisin əsas binasının şərq qanadında yer alan kitabxana 2550 kvadratmetr əraziyə sahibdir. Kitabxana fondunu təşkil edən kitab, qəzet və jurnallar dördmərtəbəli depoda mühafizə edilir.
Dövri mətbuat mikrofilmlərdə
Burada kataloq, qəzet, protokollar, dərgi və mikrofilm bölmələri yer alır və gündəlik qəzetlərin, həftəlik jurnalların surətini çıxarmaq mümkündür. 1998-ci ildən bəri Türkiyənin bütün köhnə qəzetlərindən seçilən xəbər və məqalələr mikrofilmlərə köçürülüb. İstifadəçi mikrolenti xüsusi qurğu ilə kompüterə qoşur və qəzet-jurnal səhifələrinə ekranda baxır, lazım olan materialları ayrıca bir kağıza qeyd edir. Sonda qeydləri inzibatçıya verir və o da həmin materialların surətini çıxarıb istifadəçiyə təqdim edir. Beləliklə, oxucu qəzetlə birbaşa təmasda ola bilmir. Bu da qəzetlərin çap variantlarının qorunmasına şərait yaradır. Gələcəkdə isə bu qəzetlər internet vasitəsilə də ictimaiyyətə təqdim ediləcək.
Oxu zalı iki qalereyadan ibarətdir. Divarboyu rəflərdə minlərlə cild nəşr var. Zalda xüsusi işıqlandırma sistemi oxucuların rahat şəkildə çalışmalarını təmin edir. Buradakı məsləhət şöbəsində kitabxana qaynaqlarından effektiv şəkildə yararlanmaq və axtarılan bilgilərin əldə edilməsində yardım almaq mümkündür. Kitabxana xaricdə çap edilən kitablar da daxil olmaqla dövlət idarəçiliyi, hüquq, iqtisadiyyat, siyasət elmi, fəlsəfə, sosiologiya, yerli idarəçilik, beynəlxalq münasibətlər, tarix, coğrafiya və parlament mövzularında nəşrlərlə zəngindir.
Türkdilli ölkələrlə əlaqələr genişləndiriləcək
TBMM-nin kitabxanası Türkiyədə 6 əsas fond kitabxanasından biridir. Belə ki, Türkiyədə çap edilən bütün əsərlərin bir nüsxəsi mütləq bu kitabxanaya daxil olur. Kitabxana və arxiv olmaq üzrə burada 100-dək əməkdaş çalışır. Burada olarkən onu da öyrəndik ki, xarici kitabxanalarla davamlı əlaqələr qurulur, əməkdaşlar istər ölkədə, istərsə də xaricdə beynəlxalq konfranslara, seminar və simpoziumlara (o cümlədən onlayn şəkildə) qatılırlar. Kitabxananın qarşısında dayanan planlardan biri də Türk PA (Türkdilli Dövlətlərin Parlament Assambleyası, katibliyi Bakıda yerləşir) çərçivəsində Azərbaycan da daxil olmaqla, türkdilli ölkələrin parlament kitabxanaları, digər qurumları ilə əlaqələri genişləndirməkdir. Bu münasibətlərin yenidən qurulması qarşılıqlı təcrübə və mübadiləni də gücləndirəcək.
Mehparə Sultanova
Ankara