Azərbaycan
   
   2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.
   2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912 - 2.5.1969) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib.
   2 fevral 1932 - Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 - 5.9.2015) Kürdəmirdə doğulub. AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi işləyib. “Şöhrət” ordeni ilə təltif edilib.
   2 fevral 1932 - Əməkdar mədəniyyət işçisi Zərifə Teymur qızı Salahova Bakıda anadan olub. Respublika “Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin yaradıcısıdır.
   2 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalara musiqi yazıb.
   2 fevral 1951 - Əməkdar mədəniyyət işçisi Yusif Mənsur oğlu Şeyxov Bakıda anadan olub. Bədii və sənədli filmlərin, “Mozalan” kinojurnalı üçün süjetlərin ssenari müəllifidir. 
   2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd edilir.

   3 fevral 1962 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 - 1962) vəfat edib.
   3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   4 fevral 1939 - Xalq artisti Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
   4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlu anadan olub. “Eşq və ölüm” baleti, mahnılar, “Qorxma, mən səninləyəm”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir.
   4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları ifa edib.
   
   5 fevral 1923 - Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 - 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.
   5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 - 13.05.1982) anadan olub. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, simfoniyalar, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, prelüd, sonata və romansların müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə musiqi yazıb.
   5 fevral 1930 - Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, onlarla mahnı və təsnifin müəllifidir.
   5 fevral 1934 - Əməkdar incəsənət xadimi, musiqişünas, professor Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub. 
   5 fevral 1948 - Şair, dramaturq Mərkəz Mikayıl oğlu Qacar (1948-2013) Füzuli şəhərində doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, qəzəl, poema, dram əsərlərinin müəllifdir.
   5 fevral 1963 - Əməkdar artist Münəvvər Səməd qızı Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", 
   “O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 fevral 1991 - Ali Sovet Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul edib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın dövlət rəmzi kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilib.
   
   Dünya
   
   2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub. 
   2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
   2 fevral 1882 - İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
   2 fevral 1883 - Rus bəstəkarı Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Beş bacısı tanınmış musiqiçi olub. Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.
   
   3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 - 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.
   3 fevral 1874 - Amerika yazıçısı Gertruda Stayn (Gertrude Stein; 1874-1946) anadan olub.
   
   4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
   4 fevral 1915 - İngilis aktyoru Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub. “Mister Pitkin” haqqında komediyalarla tanınıb.
   
   5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810-1880) anadan olub.
   5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan